Modern.az

2019-cu il parlamentin tarixində nə ilə yadda qalır...

2019-cu il parlamentin tarixində nə ilə yadda qalır...

Aktual

24 Dekabr 2019, 12:30

2019-cu ilin başa çatmasına sayılı günlər qalır.

Ötən bir il ərzində ölkə siyasi, iqtisadi, mədəni, idman hadisələrilə fərqli obrazlarda yadda qaldı.

Bəs V çağırış Milli Məclisin deputatları 2019-cu il üçün qanunvericilik sahəsini – parlamentin işini necə qiymətləndirir?

Modern.az saytı onların fikirlərini öyrənməyə çalışıb.


Vahid Əhmədov
deyir ki,  2019-cu il Azərbaycan ictimai-siyasi həyatında islahatlar ili kimi yadda qalacaq:


“Çünki 2019-cu ildə çox ciddi kadr islahatlarına start verildi. O islahatlar içərisində  parlament islahatları da 2019-cu ildə yadda qalacaq. Parlament buraxıldı və yeni seçkilər elan edildi. 2019-cu ildə parlament 1700-ə yaxın qanun və qanunlara dəyişiklik qəbul edib. Demək istəyirəm ki, parlamentdə çox böyük işlər görülüb. Bu işlər həm beynəlxalq əlaqələrdə, həm də yerli əhali ilə münasibətlərdə həyata keçirilib. 2019-cu ildə Azərbaycan parlamentinin işini normal hesab edirəm. İnsanlarla apardığım görüşlər, söhbətlər onu deməyə əsas verir ki, parlament üzləşdiyi problemləri yerində həll etməyə çalışıb. Azərbaycanın elə bölgəsi yoxdur ki, oradan hansısa məsələ ilə bağlı şikayətlər almayım. Çalışmışam ki, həmin müraciətləri müsbət cavablandırım, müəyyən qədər köməklik göstərim. Parlamentin buraxılması ölkədə gedən islahatlarla bağlıdır. Yeni bir parlamentin formalaşdırılması nəzərdə tutulur ki, ondan daha aktiv və keyfiyyətli iş gözlənilsin”.


Aydın Mirzəzadənin
sözlərinə görə, parlament 2019-cu ildə də üzərinə düşən işi yerinə yetirdi:


“Eyni zamanda,  Milli Məclis cəmiyyətdə gedən yenilikləri dəstəkləmək, üzə çıxan yeni simaların, cəmiyyətin fikrini ifadə edən şəxslərin Milli Məclisdə təmsil olunmasını tezləşdirmək üçün özünün buraxılması bəyan etdi. Təbii ki, bu, Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə həyata keçirildi. Ümumilikdə, V çağırış Milli Məclis parlament tarixində özünəməxsus və yadda qalan yer tuta bildi”.


Asim Mollazadə
bildirib ki, 2019-cu ildə Azərbaycanın gələcəyi ilə bağlı çox mühüm silsilə qanunlar qəbul edilib:


“Qəbul olunan qanunlar Azərbaycan iqtisadiyyatına da öz müsbət təsirini göstərdi. “Peşə təhsili haqqında” qanun layihəsi qəbul edildi. Bu, Avropa Birliyi ilə ümumi layihə çərçivəsində yaradılan qanundur. Avropa Birliyi öz töhfələrini verib. Ümidvaram ki, həm “Orta təhsil haqqında”, həm də “Elm haqqında” qanun layihələri Azərbaycanın, yeni nəslin  inkişafı üçün bir stimul olacaq. Bunları 2019-cu il Azərbaycan parlamenti üçün müsbət işlər kimi qiymətləndirirəm”.


Kamilə Əliyeva
qeyd edib ki, 2019-cu il digər illərə nisbətən daha yaddaqalan  oldu:


“Həm ölkəmizdə gedən inkişaf, həm də islahatların aparılması çox yaxşı dəyişikliklərə gətirib çıxartdı. 2019-cu ilin ilk ayından başlayaraq cənab prezidentimiz tərəfindən verilən sərəncamlar, insanların həyat tərzinin yaxşılaşdırılmasına yönəlik addımların atılması çox yaxşı oldu. Elə bir sahə olmadı ki, cənab prezident orada islahatlar aparmasın. Eləcə də Azərbaycan parlamenti üçün də heç vaxt unudulmayacaq il olduğunu söyləmək olar. Digər illərdə olduğu kimi, parlamentimiz çox məhsuldar işlədi. Xeyli qanun layihələri qəbul olundu, mövcud qanunlara dəyişikliklər və əlavələr olundu. Beynəlxalq təşkilatlarda aktiv iştirak etdik. Azərbaycan parlamenti də bir neçə görüşlərə evsahibliyi etdi. İstər Milli Məclisin Elm və təhsil komitəsi, istərsə də Səhiyyə komitəsinin üzvü kimi qeyd etmək istəyirəm ki,  insanlar və cəmiyyətimiz üçün aktual olan qanunlar üzərində işlədik. Eyni zamanda, V çağırış parlamentin buraxılması tarixdə görünməmiş bir ilkdir. 2019 bu hadisələrlə fərqli il kimi tarixə düşəcək”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı