Modern.az saytında bilik yarışlarının - beynəlxalq və fənn olimpiadalarının qalibləri ilə silsilə yazılara davam edirik.
Təhsil Nazirliyi ilə Modern.az-ın birgə layihəsinin məqsədi oxucuları bilikli məktəblilər və istedadlı gənclərin uğurları ilə tanış etməkdir.
Layihənin budəfəki qonağı Ramil Xammədovdur. Ramil Xammədov hazırda Azərbaycan Tibb Universitetində təhsil alır.
“Qərarı ailəmlə birgə verdik”
Olimpiada qalibi deyir ki, olimpiadalara marağı həm ailəsi, həm də müəllimləri oyadıb.
“2002-ci ildə Bakıda doğulmuşam. Bakı mühitində böyümək o qədər də asan deyil. Bəziləri elə düşünür ki, təhsil almaq mümkün olmayacaq. Ancaq ailədən gələn maraq və tərbiyə üst-üstə düşəndə oxumağa da həvəs olur. 4-cü sinfə qədər Bakının Binəqədi rayonu 99 nömrəli tam orta məktəbdə təhsil almışam. 4-cü sinifdən sonra təhsilimi liseydə davam etdirmək qərarına gəldim. Təbii ki, bu qərarı ailəmlə birgə verdik. Belə qərara gəldik ki, Dəyanət liseyində oxuyum. İlk günlərdə liseyin təhsil sistemini bəyəndiyim üçün sona qədər də orada oxudum. Hazırda Dəyanət liseyinin məzunuyam”.
“Mənə dəstək verdilər”
Tibb Universitetinin birinci kurs tələbəsi olan Ramil Xammədov deyir ki, olimpiadaya qatılanda ilk vaxtlarda çətin idi:
“Çünki dəqiq fənləri seçmək asan deyildi. Ona görə də tibb sahəsini seçəndə bir qədər fərqli düşüncə vardı. Lakin zamanla ailəm həm olimpiadalara qatılmağı, həm də tibb sahəsini seçməyimi qəbul etdi. Tibb sahəsini seçdiyimə görə biologiyaya xüsusi marağım var idi. Hətta ailəm də mənə dəstək verdi. Ailənin dəstəyini hiss edəndə daha həvəslə təhsilə can yandırmaq olur”.
“Maraq sonra məqsədə çevrildi”
Olimpiada qalibinin sözlərinə görə, biologiya elminə maraq sonradan məqsədə çevrilib:
“Orta məktəbdə oxuyanda biologiya fənnini sevməyə başladım. Sonra daha çox bu sahə ilə maraqlandım. Ona görə də olimpiadalara şəxsi marağım əsasında qatıldım. Maraq sonradan məqsədə çevrildi. Fikirləşdim ki, bu qarşımda bir məqsəd olmalıdır. 2019 cu il Macarıstanda keçirilən 30 cu beynəlxalq biologiya olimpiadasında bürünc medal qazanmışam. 10-cu sinifdə oxuyarkən respublika fənn olimpiadalarında bürünc, 11 ci sinifdə oxuyanda isə qızıl medal qazanmışam”.
“Bu barədə bir söz deyə bilmərəm”
Ramil Xammədov bildirib ki, Azərbaycan Tibb Universitetini seçməkdə məqsədi olub:
“Nəticələrim gecikdiyindən vaxtında xarici univeristetlərə baş vura bilmədim. Gələn il üçün bir daha çalışacam. Ancaq rezidentura təhsilimi Almaniyada almağı planlaşdırıram. Azərbaycan Tibb Universitetində hər şey qaydasındadır. Bu təhsil ocağında lazımi səviyyədə təhsil almağımız üçün kifayət qədər yaxşı şərait var. Müəllimlərimin məndən razı, ya da, narazı qalması barədə bir söz deyə bilmərəm. Ən yaxşısı, müəllimlərimdən soruşun”.