Modern.az

“Strasburqa səfərimiz tam şəkildə ola bilməyəcək” - Səməd Seyidov

“Strasburqa səfərimiz tam şəkildə ola bilməyəcək” - Səməd Seyidov

Aktual

30 Dekabr 2019, 11:18

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 27-31 yanvar tarixlərində Strasburqda keçiriləcək qış sessiyasının ilkin gündəliyi açıqlanıb.


Sessiyanın ilk günündə Assambleyanın prezidenti və vitse-prezidentləri seçiləcək, həmçinin komitələrin üzvləri təyin ediləcək.

AŞPA Bürosu və Daimi Komitəsinin hesabatları, Belarusda keçirilmiş erkən parlament seçkiləri ilə bağlı müşahidə missiyasının rəyi təqdim olunacaq.

Bundan əlavə, sessiya çərçivəsində Gürcüstan Prezidenti Salomi Zurabişvili, Moldova Prezident İqor Dodon çıxış edəcək, parlamentarilərin suallarını cavablandıracaqlar.


Azərbaycanın AŞPA-kı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Modern.az-a açıqlamasında bildirib ki, Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin fevralın 9-na təyin olunması nümayəndə heyətinin səfərini təxirə salmayacaq:

 

“Bildiyiniz kimi, növbədənkənar parlament seçkiləri gələn il fevralın 9-da keçiriləcək. Ancaq növbəti parlament seçkiləri formalaşana qədər Konstitusiya Məhkəməsinin qərarına əsasən deputatlar öz səlahiyyətlərini yerinə yetirirlər. Ona görə nümayəndə heyətinin tərkibi bəllidir. Avropa Şurasının qış sessiyasında mütləq iştirak edəcəyik. Çünki gündəlikdə vacib məsələlər var”.

 

Nümayəndə heyətinin rəhbəri səfərin tam nümayəndə heyəti ilə formalaşa bilməyəcəyinə də münasibət bildirib:

 

“Səfərimiz tam şəkildə ola bilməyəcək. Nümayəndə heyətinin bəzi üzvləri artıq yenidən parlament seçkilərində iştirak edirlər. Sessiya müddəti təbliğat-təşviqat müddəti ilə üst-üstə düşür. Ona görə biz çox yığcam, ancaq nümayəndə heyətinin bir neçə üzvü ilə orada iştirak edəcəyik”.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı