2019-cu ilin sonları Gürcüstanın paytaxtı Tbilisidə minlərlə insan seçki sistemində dəyişikliyin olmasını istəyirdilər.
Ölkənin müxalif qüvvələri hökumət əleyhinə birləşərək erkən parlament seçkilərinin keçirilməsini, keçid hökumətinin yaradılmasını və Mərkəzi Seçki Komissiyasının hazırkı tərkibinin dəyişdirilməsini tələb ediblər.
Hakim “Gürcü arzusu” partiyasında təmsil olunan azərbaycanlı deputat Mahir Dərziyev Modern.az-a Gürcüstandakı son durum barədə danışıb. O, bildirib ki, hazırda Gürcüstanda sakitlik hökm sürür:
“İnsanlar normal həyatlarını yaşayır. Gürcüstan parlamenti yaz sessiyasına başlamayıb. Fevralın ilk bazar ertəsi parlament yaz sessiyasına başlayacaq. Ölkənin siyasi gündəmini məşhur edən o hadisələr var ki, həmin vaxt Seçki Məcəlləsinə dəyişiklik edilməsi tələb olunurdu. “Gürcü arzusu” partiyası bu məsələyə cavab verdi. Artıq top rəqiblərimizin sahəsindədir. Müxalifət tam proporsional sistemə keçilməsini tələb edirdi. 150 deputat yerinin 50-nin majoritar, 100-nün proporsional qaydada seçilməsi bizim komanda üçün məqbul olan variantdır. Hazırda müxalifətin cavabını gözləyirik”.
Deputat azərbaycanlılar yaşayan bölgədə hansısa oğurluq hallarının baş vermədiyini də xüsusi qeyd edib.
“1990-cı illərdə azərbaycanlılar yaşayan bölgələrdə oğurluq halları baş verirdi. Son 15 ildə belə hallar olmur. İndi də Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrində əmin-amanlıq hökm sürür. Hüquq-mühafizə orqanları bu işlərlə daha yaxından məşğul olur. Düzdü, arada mal-qaranın oğurlanması hallarına rast gəlmək olur. Ancaq bu kütləvi deyil”.