Görəsən arxada qoyduğumuz 19 ildə neçə dəfə bu fikir beynimizdən keçib?
Kəlbəcərsizliyimizin bir əsrə bərabər 20- ci ilinə qədəm qoyuruq. 19 il öncə bənzərsiz təbiəti, misilsiz yeraltı- yerüstü sərvətləriylə öyündüyümüz 1936 kvadrat kilometrlik bu böyük vətən torpağını yağıya təslim edərək qaçmışıq.
Bəli, kimin hansı prizmadan yozmasından asılı olmayaraq belə bir cənnətməkanı, sanki Tanrının bizi xəlq etdikdən sonra xüsusi olaraq yaratdığı müqəddəs torpağı qoyub dabanımıza tüpürmüşük və yalnız üstündən aylar- illər keçdikdən, vətəndə vətənsizliyin nə demək olduğunu hər addımda yaşadıqdan sonra başa düşmüşük ki, sən demə, elə bizim kimi bu cür miskin həyatı görənlər haçansa “ölüm haqmış” məsəlini leksikonumuza gətiriblər.
Çoxumuz etiraf etmək istəməsək də arxada qoyduğumuz 19 il əksər kəlbəcərlilərin həyatında ölümdən betər cəhənnəm olub. Paramparça olaraq 57 rayona, 600- dan yuxarı yaşayış məntəqsinə səpələnmişik, nə xeyirə vaxtında yetişə bilmişik, nə şərə. Təkcə bir faktı xatırlatmaqla dərdimizin miqyasını anlatmaq olar ki, bu gün ölkənin bütün qəbiristanlıqlarında didərgin kəlbəcərli uyuyur. İnşallah sabah, ya o biri gün öz yurd-yuvamıza qayıdanda o məzarların aqibəti necə olacaq? İstənilən halda artıq bu didərginlik, bu qəribçilik artıq kəlbəcərlilərin boynuna biçilib və onu heç bir qüvvə nizama salmaq gücündə deyil...
Əlbəttə, Azərbaycanımız bütövlükdə füsunkar təbiəti ilə öyünə bilərik. Bu vətənin hər güşəsi, üzərinə ayaq basdığımız hər santimetri gözəldir. Ancaq Kəlbəcər bir başqaydı. Özü də biz kəlbəcərlilər bu “başqalığı” onu itirdikdən sonra bildiyimiz halda illər uzunu aşağılı- yuxarılı “İsti- su” sanatoriyalarında dincələnlər, sanki ilahi ilmələrlə xalı döşənmiş çəmənlikləri, meşələri gəzənlər, hər daş dibindən adama “gəl- gəl” deyən buz bulaqların dişgöynədən suyundan içib “oxxaayy” deməkdən özünü saxlaya bilməyənlər bu yerlərin gerçəkdən də heç bir yerə bənzəmədiyini deyərdilər. Bir sözlə, bu başqalıqdan çoxları xəbərdar idi. Təkcə bizlər sanki çillə yuxusunda yataraq o torpaqların qədrini, qiymətini bilmədik. Bu, bir həqiqiətdir ki, insan oğlu hər şeyə onu itirdikdən sonra qiymət verir. Lap bizi kimi, bu isə ucuz təsəllidən savayı bir şeyə yaramır. Bizlər yayın nəfəskəsən istisində, qışın iliyə işləyən sərt şaxtalı- azaqlı soyuğunda qeyri iradi olaraq “Kəlbəcəri hardan alım?” deməkdən özümüzü saxlaya bilmirik. Ancaq bu suala nə özümüz cavab tapa bilirik, nə başqasından bunu gözləyirik. Çünki bilirik ki, eşidəcəklərimiz də eşitmək istəmədiklərimiz olacaq...
Bir zamanlar bu yerlərin halalca sahibləri biz olsaq da nə yazıq ki, bu gün Kəlbəcərin taleyinin sahibləri vecsiz və ermənipərəst beynəlxalq təşkilatlardır. Onlardan haray olmadığını, heç zaman bu torpaqları bizlərə qaytarmayacaqlarını bilə-bilə yenə də diplomatik yolla hansısa çözüm imkanları arayırıq. Ancaq bilirik ki, özümüzü aldadırıq. Bəlkə də bu aldadılmada bir ilahi təsadüf var. Axı Kəlbəcərin rəsmi işğal günü 2 aprel kimi tarixin qan yaddaşına həkk olunsa da, bizi məhz 1 apreldə- dünyanın bir-birini aldatdığı, qəhqəhənin bayramı olan bir təqvim günündə aldatdılar və ağlatdılar. Bu qəhqəhələrin səsində hıçqırığımız eşidilməz olsa da, heç olmasa ona nail ola bildik ki, dişsizliyiylə bərabər hələlik dünyanın ən ali qurumu hesab olunan BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edərək “Kəlbəcər” adlı bir yaşayış məntəqəsini beynəlxalq miqyasda sertifikatlaşdıra bildi. Artıq təsəllimiz odur ki, sabah ermənilər “belə bir Azərbaycan ərazisi olmayıb” deyə bilməyəcək. Erməni yalanları ilə məst olan indiki zalım dünyada bu heç də az şey deyil. Ən azı bizim qeyrətimiz çatmasa da gələcək nəsillərimiz gorumuza söysə və bizi haqlı olaraq lənətləsə belə, bivec əcdadlarının tərk etdikləri əraziləri silah gücünə almağa, BMT- nin toz basmış qətnaməsindəki tarixi ədaləti bərpa etməyə qalxsa, dünyanın təpkisiylə üzləşməyəcək. Ancaq olmazmı biz bu işi gələcək nəsillərə saxlamayaq, öz günahımızı öz qanımızla yuyaq. Bir zamanlar atıb getdiyimiz torpaqda uyumağa mənəvi haqqımız olsun. Əlbəttə, müharibə qan- qadaddır və can şirin olduğundan kimsə öz balasının həyatının yarıda qırılmasına razı olmaz. Ancaq biz onu anlamalıyıüq ki, ilahi seçim qarşısındayıq, canımızı, sevdiklərimizi qurban verməsək, Kəlbəcərimizi ancaq və ancaq yuxuda görəcəyik. İnanmaq istərdim ki, kəlbəcərlilər bu yuxulardan artıq beziblər və qisasın qiyamətə qalmayacağına kökləniblər...

Zülfüqar Hüseynzadə