Qarabağ separatçı ordusunun keçmiş komandanı Samvel Babayan, Ermənistanın baş naziri Nikol Paşinyanın Qafanda söylədiyi sözlərlə əlaqədar qalmaqallı bəyanat verib.
Virtualaz.org Ermənistan mediasına istinadən bildirir ki, separatçının bəyanatında deyilir: “Ermənistanın baş naziri Nikol Paşinyanın keçmiş hakimiyyətdən miras aldığı danışıqlar prosesi barədə verdiyi bəyanat ətrafında maraqlı bir vəziyyət yaranıb. Nəhayət, dövlət başçısının – danıçıqların Ermənistandan olan əsas aparıcı şəxsinin dilindən səsləndi ki, müzakirələrin əsasında bütün “azad edilmiş” (dırnaq bizimdir-red.) ərazilərin qaytarılması dayanır və əvvəlki hər üç prezident də danışıqları bu çərçivədə aparıb”.
S.Babayan iddia edir ki, “Ermənistanda inqilab olmasaydı, nəinki bufer əraziləri, həm də Qarabağın özü təslim edilərdi. Məxməri inqilabın və Nikol Paşinyanın əsas xidməti ondadır ki, Serj Sarkisyanın Madrid prinsipləri əsasında danışıqları pozuldu və torpaqların təslim edilməsi prosesi dayandırıldı".
Separatçı deyir ki, ancaq buna baxmayaraq, danışıqlar prosesi yenidən başladı və yenə də həmin Madrid prinsipləri ətrafında: “İndi Paşinyan dalana dirədilmiş vəziyyətə gətirilib və danışıqlar prosesini aldığı formada davam etdirsə, torpaqların qaytarılması şərtinə imza atmağa məcbur olacaq”.
"Əgər o, danışıqlar prosesindən imtina edərsə, bu, əvvəlki hakimiyyətlərin torpaqların Azərbaycana qaytarılacağı ilə bağlı vədlərindən imtina etmək anlamına gələcək. Həm birinci, həm də ikinci ssenari bütün ermənilər üçün qəbuledilməzdir ... Bununla belə, Paşinyanın Təhlükəsizlik Şurasının hazırkı Qarabağ hakimiyyəti ilə birlikdə keçirdiyi iclasının yeganə nəticəsi baş nazirin Madrid sənədlərindəki birmənalı olmayan fərqli şərhləri, ifadələr əvəz etmək təklifi idi”,-deyə S.Babayanın bəyanatında vurğulanır.
Sonra o, torpaqların qaytarılmasının əsası olan Madrid prinsipləri ilə razılaşan və eyni zamanda bir qarış torpağın belə güzəştə gedilməsinin qəbuledilməz olduğunu elan edən "Qarabağ prezidentliyinə namizədlərə" müraciət edir: "Keçmiş hakimiyyət Qarabağı 5 milyard dollara məcməyidə Azərbaycana verməyə razılıq verəndə niyə susmusunuz? Əminəm ki, Ermənistandakı yeni hökumət yaxın vaxtlarda danışıqların bu və digər təfərrüatlarını açacaqdır".
"Bu gün danışıqların şərtlərini Azərbaycan diktə edir. Bu, Ermənistanın keçmiş hakimiyyətlərinin, eləcə də Qarabağın keçmiş və hazırkı hakimiyyətlərinin günahı üzündən baş verib",- deyə S.Babayan sonda bəyan edib.