Modern.az

“Xəstələrə həm diqqət və qayğı, həm də keyfiyyətli tibbi xidmət göstərilməlidir” - Prezident

“Xəstələrə həm diqqət və qayğı, həm də keyfiyyətli tibbi xidmət göstərilməlidir” - Prezident

Aktual

3 Mart 2020, 20:57

"Çox şadam ki, qısa müddət ərzində Goranboy şəhərində gözəl tibb mərkəzi yaradılıb. Mənim sərəncamımla iki il yarım bundan əvvəl tikinti başlamışdı və bu gün biz birlikdə bu xəstəxananı açırıq. Özünüz görürsünüz ki, burada bütün şərait ən yüksək standartlara cavab verir. Həm binanın özü çox müasirdir, yaraşıqlıdır, həm də burada quraşdırılan avadanlıq aparıcı şirkətlərin məhsuludur. Bu avadanlıq dünyanın aparıcı xəstəxanalarında olan avadanlıqlardan fərqlənmir. Belə də olmalıdır. Çünki mən demişəm ki, Azərbaycanda səhiyyə sahəsinin maddi-texniki bazası ən yüksək səviyyədə olmalıdır və biz buna nail oluruq".

 

Modern.az  xəbər verir ki, bunu Prezident İlham Əliyev Goranboy Mərkəzi Rayon Xəstəxanasının açılışında çıxış edərkən bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, son 16 ildə Azərbaycanın ancaq bölgələrində 22 yeni xəstəxana, 15 diaqnostika müalicə mərkəzi inşa edilib, 28 mərkəzi rayon xəstəxanası əsaslı təmir olunub. Beş xəstəxananın tikintisi isə davam edir: "Beləliklə, ancaq bölgələrdə 70 müasir tibb ocağı istifadəyə verilib. Əlbəttə ki, bu tibb ocaqları insanların sağlamlığına xidmət göstərir. Bakı şəhərində də bir çox xəstəxanaların tikintisi, təmiri artıq yekunlaşıb. Bütövlükdə, son 16 ildə ölkəmizdə 700-dən çox tibb müəssisəsi tikilib və əsaslı təmir olunub.

Əlbəttə ki, buna böyük vəsait lazımdır və dövlət büdcəsinin xətti ilə bu vəsait ayrılır. O cümlədən bu xəstəxana da dövlət investisiya proqramı çərçivəsində, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının əsasında inşa edilib. Bunun əsas məqsədi vətəndaşlara keyfiyyətli tibbi xidmətin göstərilməsidir.

Bu gün demək olar ki, bütün şəhərlərimizdə müasir tibb müəssisələri fəaliyyət göstərir. Bu tibb müəssisələrində həm müalicə, həm də diaqnostika aparmaq üçün bütün imkanlar var. Təsadüfi deyil ki, ildən-ilə müayinədən keçən vətəndaşların sayı artır və keçən il 5 milyona çatıb. Beş milyondan çox insan tibbi müayinədən keçib. Mən 10 il bundan əvvəl vətəndaşlara belə bir tövsiyə etmişdim ki, ildə bir dəfə hər bir vətəndaş müayinədən keçsin, öz sağlamlığı haqqında onda da, həkimlərdə də məlumat olsun, lazım olan halda müalicə alsın, cərrahiyyə əməliyyatından keçsin. Ancaq o vaxt lazımi şərait yox idi, bu gün isə bu şərait var. Ona görə belə gözəl tibb mərkəzinin yaradılması bizim siyasətimizin göstəricisidir. Baxmayaraq ki, buradan o qədər də uzaqda olmayan Naftalan şəhərinin müasir tibb ocağı var və kiməsə belə gələ bilərdi ki, o xəstəxana Goranboy sakinləri üçün də xidmət göstərə bilər. Ancaq mən dedim ki, yox, Goranboyda xüsusi olaraq mərkəzi rayon xəstəxanası tikilməlidir. Çünki əvvəlki xəstəxananın binası artıq heç bir standartlara cavab vermirdi.

Bu, bir daha onu göstərir ki, bu istiqamətdə məqsədyönlü dövlət siyasəti aparılır. Belə gözəl şəraitdə həkimlər, əlbəttə ki, xəstələrə keyfiyyətli tibbi xidmət göstərməlidirlər. Xəstəxana, eyni zamanda, həkimlərin iş yeridir. Mənə verilən məlumata görə, burada 125 həkim və çox sayda tibb işçisi fəaliyyət göstərir. Ona görə belə gözəl şəraitin yaradılması həkimlərin məsuliyyətini də artırmalıdır. Xəstələrə həm diqqət və qayğı, həm də keyfiyyətli tibbi xidmət göstərilməlidir. Əminəm ki, bu xəstəxananın həkimləri vətəndaşlara keyfiyyətli tibbi xidmət göstərəcəklər.


Bir daha demək istəyirəm ki, bizim səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi, eyni zamanda, gözlənilməz hadisələrə də hesablanıb. Əlbəttə, biz belə gözəl xəstəxanaları ona görə inşa edirik ki, vətəndaşlar bundan istifadə etsinlər. Həmçinin hansısa bir fors-major vəziyyətdə, əlbəttə ki, belə tibb ocaqlarının mövcudluğu bizim imkanlarımızı genişləndirir. Şadam ki, Goranboy rayonunda belə gözəl tibb müəssisəsi artıq fəaliyyət göstərir".

Dövlət başçısı qeyd edib ki, Goranboy rayonunda dövlət xətti ilə bir çox infrastruktur layihələri icra edilib: "Mənim göstərişimlə burada qazlaşdırmanın səviyyəsi 96 faizə çatıb. İndi qalan kəndlərin qazlaşdırılması nəzərdə tutulur. Bir neçə önəmli yol layihəsi icra edilib. Onlardan birini biz bu gün açmışıq. Yenə də vətəndaşların təklifləri var ki, yeni yolların, kənd yollarının çəkilişi təmin edilsin. Müvafiq göstərişlər veriləcək, sərəncam imzalanacaq. Təmirli yollar 65 faizə çatıb. Şəhərin içməli su ilə bağlı problemi 2014-cü ildə öz həllini tapdı. Mənim iştirakımla burada bu böyük layihənin açılışı həyata keçirilmişdir. Müasir Olimpiya İdman Kompleksi tikilir. Bu da idmançılar və ümumiyyətlə, vətəndaşlar üçün çox lazımlı bir obyektdir. Çünki mən demişəm və bir daha demək istəyirəm ki, hər bir insan müntəzəm surətdə idmanla məşğul olmalıdır. Vaxtilə demişdim ki, hər bir insan müayinədən keçməlidir və biz buna demək olar ki, nail oluruq, əminəm ki, buna da nail olacağıq. Əgər hər bir insan müntəzəm olaraq idmanla məşğul olsa, onun sağlamlığı da yerində olacaq, immuniteti də yüksək olacaq və o, çox keyfiyyətli həyat tərzi sürərək həm çox yaşayacaq, həm də ki, həyatdan zövq alacaq.

Bundan sonra da Goranboy rayonunun inkişafı, iş yerlərinin yaradılması ilə bağlı əlavə tədbirlər görüləcək. Goranboyda xalça fabriki açılıb. Bir sözlə, həm infrastruktur layihələri, həm sosial obyektlər, iş yerlərinin yaradılması ilə bağlı olan layihələr icra edilir və ediləcək. Bir daha sizi bu gözəl xəstəxananın açılışı münasibətilə təbrik edirəm, sizə uğurlar arzulayıram, qarşıdan gələn bayramlar münasibətilə, Novruz bayramı münasibətilə təbrik edirəm".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı