Suriya böhranı 10-cu ilinə daxil olduğuna görə Suriya xalqı ciddi faciə yaşamaqda davam edir. 2011-ci ilin martında münaqişənin başlandığı andan bəri suriyalı kişi, qadın və uşaqların hər 2 nəfərindən biri zorla didərgin salınıb və çox zaman onlar bir dəfədən artıq didərgin düşüblər.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycan nümayəndəliyindən Modern.az-a verilən məlumata görə, bu gün suriyalılar dünyada ən çox sayda olan qaçqın qrupudur:
“İldən ilə Suriya əhalisi həmçinin çətinliklərə inanılmaz müqavimət gücünü nümayiş etdirib. Qonşu ölkələrdəki qaçqınların çoxu yoxsulluq həddindən aşağı səviyyədə yaşamaqla yanaşı, həm də özlərinin və ailələrinin maddi təminatını təmin etmək və gələcəyini qurmaq uğrunda mübarizə aparırlar; evlərinə qayıdacaqlarına ümid edir, amma həm də onları açıq ürəklə qəbul etmiş ölkələrin iqtisadiyyatına töhfə verirlər. 2019-cu ilin dekabrından bəri Suriyanın şimal-qərbində gedən döyüşlər didərgin düşmüş bir milyona yaxın insanın dəhşətli şəraitdə yaşamasına gətirib çıxarmışdir; eyni zamanda, ölkənin digər hissələrində bir çox ailə və icmalar xidmətlərin çatışmazlığı hallarının geniş yayılmasına, əmlakların məhv olmasına və iqtisadi çətinliklərə baxmayaraq, öz həyatlarını yenidən qurmağa və davam etdirməyə çalışırlar.
Son doqquz il həm də heyrətamiz həmrəylik dövrü kimi yadda qalıb. Türkiyə, Livan, İordaniya, İraq, Misir, eləcə də region xaricindəki bəzi ölkələr suriyalılar üçün himayə və təhlükəsizliyi təmin etmiş, məktəblər, xəstəxanalar qurmuş və evlərinin qapılarını suriyalı qaçqınların üzünə açıblar.
Son on ildə donor hökumətlərin, özəl sektorun və fərdlərin səxavətli yardımları sayəsində beynəlxalq yardım reaksiyalarının miqyası və həcmi genişlənib. Humanitar reaksiya qismində başlanılan tədbirlər inkişaf işləri sahəsindəki əsas subyektlərin, məsələn, Dünya Bankının cəlb edilməsi ilə müşayiət olunub, o, qəbuledici hökumətlərə və qurumlara strukturlaşdırılmış dəstək göstərib, həm yerli icmaların, həm də qaçqınların çətinliklərə müqavimət gücünün artırılmasına kömək edib. 2012-ci ildən bəri Qaçqınların problemlərinə reaksiya verilməsi və onların çətinliklərə müqavimət gücünün artırılması planı çərçivəsində BMT QAK və BMT İnkişaf Proqramı tərəfindən koordinasiya olunan 200-dən artıq tərəfdaşın koalisiyasının təqdim etdiyi 14 milyarddan artıq ABŞ dolları bu sahəyə yönəldilib. İkitərəfli razılaşmalar və digər çoxtərəfli mexanizmlər vasitəsilə daha çox yardımlar göstərilib”.
“Mən suriyalıların cəsarətliliyinə və çətinliklərə müqavimət gücünə olduqca heyranam. Onlar hər gün iztirab və məhrumiyyətlərlə üzləşirlər”, – deyə Qrandi bildirib.
“Bu böhran onuncu ilinə yaxınlaşdığına görə mən dünyaya çağırış edirəm ki, Suriyada didərgin vəziyyətində qalmış və xaricə qaçmağa məcbur olmuş insanları unutmasınlar. Biz onilliyin ən böyük həmrəylik aktlarından birini – qonşu ölkələrin xeyirxahlığını alqışlamalı və dəstəkləməliyik. Lakin həm də işləri davam etdirməliyik. Daha çox iş görməyə ehtiyac vardır.
Həqiqətən 9 ildən sonra, xüsusən yerli icmalar, məsələn, Livandakı əhali iqtisadi çətinlik şəraitində yaşadığı bir vaxtda, regiona yardımları təmin etmək və genişləndirmək çətin vəzifədir. 2019-cu il üçün Qaçqınların problemlərinə reaksiya verilməsi və onların çətinliklərə müqavimət gücünün artırılması planı çərçivəsində 5,4 milyard dollar tələb olunduğu halda bu vəsaitin 58 faizi alınıb. Faktiki tələbatla mövcud resurslar arasındakı fərq gündən günə genişlənir. Yardımların çatışmaması, səhiyyə xidmətlərinə və təhsilə çıxış imkanlarının məhdudluğu gündəlik xərcləri artırır və qaçqın ailələrinin sonradan qaydaya salınması mümkün olmayan köməksiz duruma düşməsi riskini yaradır. Ümidsizlikdən bəzi qaçqınlar uşaqlarının işləməsi və ailəyə dəstək göstərməsi üçün onları məktəbdən çıxarmağa məcbur olurlar. Digərləri gündəlik qidalarının miqdarını azaldırlar. İstismar və sui-istifadə halları qarşısında köməksiz durumda olan bəziləri küçələrə üz tutur, erkən nikaha daxil olur və ya uşaq əməyinin istismarına məruz qalırlar.
Doqquz illik böhran bütün regionda öz izini qoyub. Qəbuledici ölkələr proqnozlaşdırıla bilən və vaxtında təqdim edilən maliyyə yardımına da əvvəlki kimi ehtiyac duyurlar ki, milyonlarla suriyalı qaçqına dəstəklərini davam etdirə bilsinlər, milli xidmətlərin problemlərin öhdəsindən gəlmək iqtidarında olmasını təmin etsinlər və həm qaçqınlar, həm də yerli icmalar üçün imkanları genişləndirsinlər. Dəstək həm də evə qayıtmaq hüququnu həyata keçirmək istəyənlər üçün tələb olunur. 2018-ci ilin dekabrında BMT tərəfindən təsdiq edilmiş Qaçqınlar haqqında Qlobal Sazişdə hökumətlərə və özəl sektora bütövlükdə cəmiyyətin qaçqın böhranlarına yanaşması üçün plan təklif olunur ki, orada proqnozlaşdırıla bilən reaksiya və vəzifələrin bərabər bölgüsü nəzərdə tutulur”.