Bütün dünyada koronavirus pandemiyası ilə mübarizənin davam etdirildiyi bir məqamda artıq pandemiyadan sonrakı vəziyyət, siyasi, sosial, iqtisadi və psixoloji durum diqqət mərkəzinə çəkilməyə başlayıb. Belə ki, analitiklərin proqnozlarına görə, koronavirusdan sonra dünyanın xüsusilə siyasi vəziyyəti dəyişəcək, yeni dünya düzəni formalaşacaq.
Bəs maraqlıdır, pandemiya özündən sonra müharibə aparan dövlətlər arasındakı situasiyaya necə təsir göstərəcək?
Bu barədə Modern.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, deputat Zahid Oruc diqqətə çatdırıb ki, iqtisadi, sosial, mənəvi, psixoloji cəhətdən pandemiyanın mənfi təsirlərinə məruz qalmayan dövlət yoxdur:
“Buradan uduşla çıxmaq qeyri-mümkündür. İddia olunur ki, ölkələr böhran menecmentini sınaqdan keçirir, müharibə şəraitinə yaxın qərarlar tətbiq edildiyindən cəmiyyət və dövlət, hərbi strukturlar mülki cəmiyyət arasındakı münasibətlər yoxlanılır. Bunu qeyd etdikdə dərhal erməni tərəfinin Azərbaycanla münasibətlərini həssaslıqla və şişirdilmiş rəylərlə izləyən dairələr sərhəd bölgələrindən açılan hər hansı atəşi müharibənin başlanması istəyi hesab edirlər. Cəbhə xəttində və Qazax-Tovuz istiqamətindəki sərhəd qoşunlarının yerləşdiyi hissələrdə erməni təxribatının cavablandırılması Azərbaycanın müharibə qərarı kimi şərh edilir.
Ölkələr pandemiyadan fərqli vəziyyətdə çıxacaqlar. Bu özü özlüyündə beynəlxalq münasibətlər sisteminə də təsirsiz qalmayacaq. Çünki dövlətlərarası münasibətlərin xarakteri dəyişəcək. Hər bir ölkə indi öz xalqının minimal ehtiyaclarını ödəməklə məşğuldur”.
Z.Orucun sözlərinə görə, Ermənistan da koronavirus dövründə xalqın gerçək istəyi, tələbləri qarşısında qalıb:
“Bu azmış kimi postvirus dövründə də özlərini əvvəlki kimi aparmağı, Azərbaycanla ayaqlaşaraq ələ keçirdikləri əraziləri qoruyub, saxlaya biləcəklərini nümayiş etdirməyə çalışırlar. Mən hesab edirəm ki, heç kəs Ermənistanın pandemiyadan zəifləməsinə, müttəfiqlərinin ondan üz döndərməsinə göz dikdiyimizi düşünməməlidir. Əsla belə deyil!
Martın 31-də Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində işğalçı ölkə tərəfindən keçirilən qondarma “seçkilər” də göstərdi ki, bu gün xalqı 1990-cı illərin şüarları ilə saxlamaq mümkün deyil. Bu avtomatik ona səbəb olacaq ki, gələcəkdə Azərbaycan Ermənistanın işğalçılıq siyasətində iştirak etmiş Qarabağ vətəndaşlarına müraciət edəcək. Onlara bildirələcək ki, silahı yerə qoyacağınız təqdirdə Azərbaycan konstitusiyasına və onun müddəalarını, ilk növbədə Azərbaycanın ərazi bütövlüyünü tanıyacağınız halda sizə ölkə vətəndaşlarına verilən bütün hüquqlar tətbiq oluna bilər. Cinayətkar əməllərinizdən geri durun, səngərdən çıxın, silahı yerə qoyun və bu halda Azərbaycan bütün beynəlxalq öhdəliklərə uyğun olaraq hərəkət edəcəkdir. Mən hesab edirəm ki, virusun müharibəni yaxınlaşdırıb, uzaqlaşdırmağından asılı olmayaraq, reallığı qeyd etməliyik, həqiqətən situasiya dəyişir və bu hərbi vəziyyətdə də özünü göstərəcək. Bölgədə silahlı qüvvələr arasındakı vəziyyət dəyişəcək. Bu, şübhəsiz Ermənistanın xeyrinə deyil. Çünki bu dövlətin sərhədləri bağlandığı şəraitdə resursu məhduddur. Bütün parametrlər üzrə idxaldan asılıdırlar. Ona görə, Paşinyan hakimiyyəti öz xalqını qapalı sərhədlərdə uzun müddət saxlaya bilməyəcək. Vətəndaşlar əksər hallarda kənardan qazanıb, Ermənistana gəlir gətirirdilər. Indiki dövrdə isə İranda yaşanan gərgin vəziyyət elə vəziyyət yaradıb ki, rəsmi Tehran üçün özünü düşünməkdən başqa yol qalmayıb, nəinki İrəvanla münasibətləri önə çəksin”.
Deputat onu da əlavə edib ki, Azərbaycan valyuta rezervlərinin müəyyən qismini pandemiya ilə mübarizəyə, bunun vura biləcəyi sosial-iqtisadi ziyanların azaldılmasına yönəltsə də bundan sonrakı dövrdə çox tez toparlanacaq, iqtisadiyyatda inkişafı bərpa edəcəkdir:
“Amma eyni şeyi Ermənistan üçün söyləmək mümkün deyil. Bundan sonrakı dövrdə də Ermənistanda böhran vəziyyəti dərinləşəcək”.