Modern.az

“Ermənistan daxildəki siyasi gərginliyi gizlətmək üçün təxribatlara əl atır” - Şair Ramaldanov

“Ermənistan daxildəki siyasi gərginliyi gizlətmək üçün təxribatlara əl atır” - Şair Ramaldanov

Aktual

6 May 2020, 09:10

“Ermənistan daxildəki sosial problemləri, siyasi gərginliyi gizlətmək üçün hər zaman olduğu kimi cəbhədə təxribatlara əl atır”.

 

Bunu Modern.az-a koronavirus dönəmində cəbhə xəttində atəşkəsin mütəmadi pozulması haqqında danışarkən ehtiyatda olan polkovnik Şair Ramaldanov söyləyib. O qeyd edib ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edənə qədər ermənilərin təxribatları davam edəcək:

 

“Son zamanlar ermənilər xüsusilə Qazax istiqamətində sərhəd qoşunlarının yerləşdiyi hissələrdən atəşkəsi pozurlar, təxribatlara əl atırlar. Amma Dövlət Sərhəd Xidmətinin Qazax istiqamətində yerləşən bölmələrinin professionallığı göz qarşısındadır. Hiss olunur ki, şəxsi heyət də peşəkarlıqla torpaqlarımızı müdafiə edir.

 

Ermənilər cəbhə xəttində, o cümlədən sərhəd bölgəsində gərginliyi saxlayırlar ki, onların üzv olduqları Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və digər beynəlxalq qurumların diqqətini çəksinlər. Çünki Təşkilatın katibi pandemiyadan öncə belə bir fikir səsləndirdi ki, hər hansı hadisə baş verərsə, Ermənistanın yanında olacaqlar. Bunu bayraq tutan rəsmi İrəvan gərginliyi ona görə artırmağa çalışır”.

 

Ş. Ramaldanovun sözlərinə görə, Ermənistan çalışır ki, Azərbaycan Silahlı Qüvvələri təxribatçı orduya atəş açsın:

 

“Onların susdurulması nəticəsində  Ermənistan tərəfinin itkiləri də ola bilər. Bu isə onların özünə xeyir edir. Ermənilər insanlığa xas olmayan addımlar atırlar. Bu gün bütün dünya pandemiya ilə mübarizə apardığı bir vaxtda Ermənistan yenə də cəbhədə təxribatlara əl atır. Çünki Ermənistan ordusunun sıralarında da koronavirusa yoluxma halları var. Sosial şəbəkələrdə bunu təsdiqləyən paylaşımları oxuyuruq. Dağlıq Qarabağda koronavirusla əlaqədar vəziyyət daha gərgindir. Yoluxma faktlarının artması istisna edilmir. Amma Ermənistan hökuməti bu məsələni olduğu kimi əks etdirməkdən çəkinir.

İstənilən vəziyyətdə düşmən tərəfi öz cavabını alır, təxribat atəşləri cavab atəşi ilə susdurulur. Hələ ki, bizim torpaqlarımız işağl altındadır, müharibə şəraitindəyik, Ermənistanı yerində oturtmamışıq. Ona görə mütəmadi olaraq cəbhədə gərginliyi hiss edəcəyik. Azalmayan yeganə məqam isə əsgərlərimizin ruh yüksəkliyi, düşməni qarşısında əzmlə, cəsarətlə, peşəkarlıqla dayanmasıdır”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV