Müharibə vəziyyətində olan ölkədə hərbi təlim 18 saata endirilib
Son illər Silahlı Qüvvələrə gələn gənclərin ilk mərhələdə çox ciddi problemlərlə üzləşdiyi bəllidir. Bütün bu problemlərin mövcudluğunda zabitlər orta məktəbləri ittiham edirlər. Çünki məktəblərdə hərbi hazırlıq dərsləri lazımi səviyyədə keçirilmir. Əyani vəsaitlərin olmaması isə bu problemi daha da dərinləşdirir.
Sözsüz ki, Azərbaycanın müharibə şəraitində olması gənc nəslin vətənpərvərlik ruhunda formalaşdırılmasını labüd edir. Bu baxımdan orta məktəblərdə tədris olunan hərbi-hazırlıq fənlərinin böyük əhəmiyyəti var. Bu məsələnin bütövlükdə Milli Ordunun döyüş qabiliyyətinə təsir edən amillərdən olduğunu vurğulayan ekspertlər gənclərin ilkin hərbi hazırlığı məhz orta məktəblərdə almalı olduğunu bildirirlər. Mütəxəssislər, bu sahədə vəziyyətin ciddi şəkildə araşdırılmasına və təsirli tədbirlərin görülməsinə ehtiyacın olduğunu deyirlər.
Modern.az mövzunu araşdırmağa çalışıb.
Gənclərin çağırışaqədərki hazırlığı müəllimi Cəfər Qurbanov bu gün məktəblərdə hərbi hazırlıq dərslərinin səviyyəsindən narazıdır.
Onun sözlərinə görə, gənclərin hərbi hazırlığa çağırışı fənninə ümumilikdə nazirlik tərəfindən laqeyd münasibət var. Belə ki, hər il bu fənnin nüfuzu aşağı salınır:
“Azərbaycan 1993-cü ildən Cenevrə Konvensiyasına qoşulub. 1995-ci ildən Milli Məclis bu Konvensiyaya uyğun qərar qəbul edib. Həmin qərarda deyilir ki, Azərbaycan mülki əhali arasında hərbi işi öyrədir və təbliğ edir. Bizim hər birimiz hərbi işi öyrənməli və bilməliyik. Özümüzü heç olmasa torpağımızı qorumalıyıq”.
Son dövrdə hərbi dərsliklərin əvvəlkilərə nisbətən yaxşılaşdığını deyən C. Qurbanov əvvəlki dərsliklərdə məktəblilər üçün lazım olan mövzuların çıxarıldığını söylədi. Onun fikrincə, əvvəlki illərdə 5 dəfə hərbi hazırlıq dərsləri keçilirdisə, indi bu dərslərin sayı 3 gün olmaqla 18 saata endirilib: “Biz bu praktikanı keçəndə qızlar tibb məntəqələrinə gedir və ilk tibbi yardımı öyrənirdilər. Amma indi heç bu dərslər də keçirilmir”.
İmtahan verən tələbələrdən ən az bal toplayanların ali hərbi məktəbə yerləşdirilməsindən gileylənən C.Qurbanovun sözlərinə görə, ali hərbi məktəblərə savadlı, intellektli tələbələr qəbul olunmalıdır. Zabitlər ordunun əsas sümüyü sayılırlar. Halbuki, bizdə bu məktəblərə intellekti aşağı olan məktəblilər gedir: “Savadlı, bu məktəbə həvəsli uşaqlar hərbi məktəblərinə qəbul olunub oxumaq istəyəndə qollarından vurub geri qaytarırlar. Ən zəifləri, savadsızları isə qəbul edirlər”.
Məktəblərdə əyani vəsaitin olmamasından gileylənən C. Qurbanov yerli silahlarımızın dünya bazarına çıxarıldığı vaxt məktəblərdə bir dənə əyani avtomat verilmədiyini bildirdi. Onun sözlərinə görə, əyani vəsait olmadığından gələcəyin əsgərlər də müəyyən qədər bu sahədə biliksiz qalır: “Bundan əlavə, elə zabitlər var ki hərbi məktəbi bitirir. Bir-iki il orduda xidmət edəndən sonra onu ordudan tərxis edirlər. Sonradan isə belə adamları məktəbə hərbi hazırlıq dərsi deməyə göndərirlər”.
Orduya intellekti zəif olan zabitlərin qəbul olunduğunu deyən hərbi hazırlıq müəllimi zabitlərin orduya seçilərək götürülməsini təklif edir:
“Zabitlərimiz qayğıkeş ata, tələbkar zabit olmalıdırlar. Amma bunu bəzən biz görmürük. Çünki orduya intellekti zəif olan zabitlər çağırılır. Yaxşı olardı ki, hərbi rəhbərlər maddi cəhətdən təmin olunsunlar, hərbi rəhbərlərin nüfuzu artırılsın, onlara forma verilsin. Elə hərbi rəhbərlər var ki, maddi cəhətdən sıxıntı çəkir ona görə də ordan uzaqlaşır. Gənclərin hərbi çağırışa qədərki hazırlığı yüksək səviyyədə keçirilməsi üçün seçim aparılmalıdır”.
Təhsil nazirinin müavini Qulu Novruzov da bu gün orta məktəblərdə ibtidai hərbi hazırlıq dərslərinin keçirilməsində müəyyən çatışmazlıqlar olduğunu etiraf etdi. Onun sözlərinə görə, məktəblərdə bu dərslərin keçirilməsi üçün əyani vəsait yoxdur:
“Düzdür, çatışmayan kifayət qədər məsələ var. Amma məktəblərdə ibtidai hərbi hazırlığın yüksək səviyyədə olması arzuolunandır. Son illər görülən işləri də qeyd etməmək olmaz. Bununla bağlı yeni kitablar, vəsaitlər hazırlandı. Bundan başqa, bu dərslərin keçilməsi üçün hərbidən tərxis olunmuş hərbçilər də var ki, kifayət qədər peşəkardırlar və dərs deyirlər”.
Gültəkin Ələsgər