Modern.az

"Onların maraqlarının toqquşması ona gətirib çıxarır ki..." - MÜSAHİBƏ

"Onların maraqlarının toqquşması ona gətirib çıxarır ki..." - MÜSAHİBƏ

Aktual

17 Avqust 2012, 17:00

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında (ATƏT PA) Azərbaycan nümayəndə heyətinin üzvü Azay Quliyev Gün.Az saytına müsahibəsi verib. Aktuallığını nəzərə alaraq həmin müsahibəni diqqətinizə təqdim edirik.

- ATƏT PA-nın yeni seçilmiş prezidenti Rikkardo Miqliori Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə cəlb olunmasını vacib hesab edir.
Türkiyənin məsələnin həllinə cəlb olunması bu problemin nizamlanmasında irəliləyişə nail olunmasına müsbət təsir göstərə bilərmi? 

- ATƏT PA-nın prezidenti Rikkardo Miqliori çox təcrübəli adamdır, o münaqişələrin həll olunması təşəbbüsləri ilə dəfələrlə çıxış edib. Rikkardo Miqliorinin ATƏT PA-nın rəhbəri kimi 2 illik müddəti var və əminəm ki, onun öz təcrübəsindən münaqişələrin həll olunmasında istifadə etməsi Qarabağ münaqişəsinin həllinə öz müsbət təsirini göstərəcək.

R.Miqliorinin Türkiyənin Dağlıq Qarabağ nizamlanması prosesinə cəlb olunması ilə bağlı təklifinə gəldikdə isə bu təklif olduqca real xarakter daşıyır. Həm də bu təklif Qarabağ münaqişəsinin həllinə yardım göstərilməsi nöqteyi-nəzərindən də çox faydalı ola bilər.

Axı birincisi, Türkiyə faktiki olaraq ATƏT-in Minsk qrupunun üzvüdür. Daha doğrusu, bu ölkə sözügedən qrupda öz yerini hələ Azərbaycanla Ermənistan arasında sülh danışıqları prosesinin başlandığı vaxtdan tutub. İkincisi, Türkiyə Azərbaycan və Ermənistanla qonşu ölkədir və bu dövlətin Cənubi Qafqazda da öz maraqları mövcuddur. 

Bununla yanaşı, Türkiyənin Qarabağ münaqişəsinin nizamlanması prosesinə fəal şəkildə cəlb olunmasının vacibliyi bu ölkənin getdikcə artan nüfuzu tərəfindən diktə olunmaqdadır. Axı Türkiyə son illər dünyanın müxtəlif yerlərində, o cümlədən Yaxın Şərqdə və Şimali Afrikada baş verən siyasi proseslərdə fəal rol oynamaqdadır.

Cənubi Qafqaza gəldikdə isə bu bölgə uzun illər Türkiyənin diqqət mərkəzində olub. Buna görə də Türkiyənin malik olduğu potensialın fəal şəkildə Qarabağ münaqişəsi prosesinin nizamlanmasına cəlb olunması bir tərəfdən vasitəçi ölkələr arasında tarazlığın bərpa olunmasına səbəb ola, həm də digər tərəfdən bu prosesə dinamiklik qata bilər.

Onu da etiraf etmək lazımdır ki, Qarabağ münaqişəsinin həll olunması məsələsi ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan ABŞ-ın, Rusiyanın və Fransanın əlində girova çevrilib. Onların maraqlarının toqquşması isə ona gətirib çıxarır ki, bu ölkələr Qarabağ münaqişəsinin həllində kompromisə nail ola bilmirlər.

Buna görə də, ATƏT-in Minsk qrupunun fəaliyyətinə Cənubi Qafqazda sabitliyin və sülhün əldə olunmasında maraqlı olan digər beynəlxalq fiqurlar cəlb olunmalıdır. Belə bir fiqur isə ilk növbədə Türkiyədir. Hesab edirəm ki, Türkiyə bütün parametrlərinə görə buna layiqdir və ATƏT-in Minsk qrupunun həmsədri olmaq hüququna malikdir.

- Türkiyəyə ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi statusunun verilməsi Qarabağ münaqişəsinin nizamlanmasında müsbət nəticələrə gətirib çıxara bilərmi?    

- Artıq qeyd etdiyim kimi, Türkiyənin Cənubi Qafqazda öz böyük maraqları var və bu sözügedən ölkənin ATƏT-in Minsk qrupunun həmsədri ola bilməsinə əsas verir. Belə bir status Türkiyəyə Qarabağ münaqişəsinin nizamlanmasına öz töhfəsini vermək imkanı verərdimi.

Bildiyiniz kimi, Türkiyə və Ermənistanın sərhədləri bu günədək Azərbaycan ərazilərinin bir hissəsinin işğal olunması səbəbindən bağlı olaraq qalır. Türkiyə və Azərbaycanla böyük məsafədə sərhədləri olan Ermənistan bu ölkələrlə düşmənçiliyini davam etdirir. Azərbaycan və Türkiyə isə Ermənistanda yaranan vəziyyətin normallaşdırılmasında müsbət rol oynaya bilər. Ona görə, bu regionu yaxşı tanıyan Türkiyə ATƏT-in Minsk qrupunun həmsədri olarsa, Qarabağ münaqişəsinin həllinə öz konkret töhfəsini verə bilər.

Eyni zamanda, Türkiyənin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin sırasına daxil olması zərurəti regionda yaranan geostrateji vəziyyətin yaranması ilə izah olunur. Çünki ATƏT-in Minsk qrupunun hazırkı həmsədr ölkələri aşkarcasına və ya dolayısı ilə Ermənistanı dəstəkləyir ki, bu da Qarabağ münaqişəsinin nizamlanması prosesində balansın pozulmasına gətirib çıxarır.

Çünki Minsk qrupunun həmsədr ölkələrinin Qarabağ münaqişəsi ilə bağlı mövqeyi BMT Baş Assambleyasında Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qətnamənin səsverməsi zamanı özünü göstərdi. O zaman ATƏT-in Minsk qrupuna üzv ölkələr Azərbaycana qarşı çıxış etdi və ya bitərəf mövqe tutdular.

Həmçinin qeyd etmək lazımdır ki, ATƏT-in Minsk qrupunda Fransanın əvəz olunmasına zərurət yaranıb. Bu qrupda Fransanın mandatı Avropa İttifaqına verilməlidir. Şübhə etmirəm ki, ATƏT-in Minsk qrupunda Fransanın Aİ ilə əvəzlənmsi və Türkiyənin həmsədr ölkə qismində bu qrupa cəlb edilməsi Qarabağ münaqişəsinin əsaslı həllinə müsbət təsir göstərəcək.

- Türkiyənin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin sıralarına daxil edilməsi nə dərəcədə Ermənistanın maraqlarına cavab verə bilər?

- Ermənistan həmişə Türkiyənin ATƏT-in Minsk qrupunda həmsədrliyinə qarşı çıxıb. Lakin Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda konstruktivliyin nümayiş etdirilməsi və bu problemin nizamlanmasında Türkiyənin rolunun qəbul olunması ilk növbədə Ermənistanın özünün maraqlarına cavab verir. Belə bir vəziyyət ən azından Ermənistanla sərhədlərin açılmasına və bu ölkənin iqtisadi böhrandan çıxmasına xidmət edər. Ermənistan anlamalıdır ki, uzun müddət ərzində Azərbaycanla düşmənçilik onun iflasına gətirib çıxarıb. Çünki Ermənistanın xarici borcları ölkə ÜDM-nin 50 faizini ötür. Eyni zamanda Ermənistanda humanitar fəlakət baş verir, çünki əhali bu ölkəni tərk edir.

Ermənistanın yaxın 5-10 ildəki vəziyyətini proqnozlaşdırmaq heç də çətin deyil. Vəziyyət belə inkişaf edərsə, Ermənistan iflasa uğrayacaq. Eyni zamanda ABŞ, Rusiya və Fransa Ermənistanın iflasının qarşısını ala bilməyəcək. Bu vəziyyətdə Ermənistan başa düşməlidir ki, Türkiyə onun Avropaya inteqrasiya etməsi üçün açardır.

- ATƏT Parlament Assambleyasının prezidenti bəyan edib ki, Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə parlamentlərarası dialoq da yardım göstərə bilər. ATƏT səviyyəsində parlamentlərarası dialoq münaqişənin həllinə təsir göstərə bilərmi?

- Şübhəsiz ki, parlamentlərarası dialoq münaqişələrin həllində rol oynaya bilər. Parlamentlər münaqişənin həllində qeyri-konstruktiv mövqe tutmuş ölkəyə təsir göstərə bilər.

Eyni zamanda, parlamentlər cəmiyyətlərin uzunmüddətli sülhə hazırlanmasında müsbət rol oynaya bilər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı