Tez-tez bu cür giley-güzar eşidirik: “Qaçqınların çoxunun evi, maşını var, amma biz hələ də kirayədə yaşayırıq”.
Mən bu cür tənəli sözləri Bakıda da, Şəkidə də, uzaq Zaqatalada da eşitmişəm. Təəssüf ki, bəzi insanlar həyatda uğur qazana bilməmələrinin günahını yurd-yuvasından didərgin düşmüş soydaşlarımızda görürlər. Məcburi köçkün statusu daşıyan adamlardan biri də mənəm. Lütfən söyləyin: indiyə kimi mənim hansısa Allah bəndəsinin toyuğuna daş atdığımı görən olub? Mənim qohum-əqrəbam da halal zəhmətlə dolanır, bir tikə çörəklərini alınlarının təri, gözlərinin nuru ilə qazanırlar. Dədə-babadan belədir: halal yolla qazanılan çörək bərəkətli olur, zəhmət adamının təknəsi heç vaxt boş qalmır.
Qohumlarımın arasında yaxşı ev-eşiyi, maşını, var-dövləti olan adamlar var. Bu insanların heç biri dövlət məmuru deyil. Onların əksəriyyəti özəl sektorda çalışır, hər ay dövlətə vergi ödəyirlər. Bu gün yaxşı imkanı olan qohumlarımın çoxu 19 il əvvəl Bakıya gələndə yatmağa yer tapmırdılar. Bəzən elə olurdu ki, ikiotaqlı mənzildə 12 nəfər gecələyirdi. Mənim özümün də quru döşəmənin üstündə yatdığım vaxtlar az olmayıb.
Bu gün yaxşı imkanı olan bəzi qohumlarım 1994-95-ci illərdə metronun “28 may” stansiyasının ətrafında qatıq, göyərti, lomonad satırdılar. Polislər axşam onları döysə də, səhər 6-da yenə dəmiryol vağzalında olur, rayon adamlarından aldıqları göy-göyərtinin, meyvə tərəvəzin üstünə 5-10 qəpik qoyub, ötüb- keçən insanlara satırdılar. Onlar gündüz maşından yük boşaldır, gecələr hansısa obyektdə gözətçi işləyirdilər. Onlar küçə süpürməyi deyil, bir tikə çörək üçün kiminsə qabağında əyilməyi ayıb sayırdılar.
1993-cü ildə Cəbrayıl işğal olunanda biz Bakıya pənah gətirsək də, qohumlarımızdan biri Saatlı rayonunun Axundov kəndində məskunlaşdı. Çətin dövr olduğu üçün biz bir müddət görüşə bilmədik. İki il sonra mən Saatlıya gedəndə gördüm ki, həmin qohumumuz çətinlikləri arxada qoyaraq, özünün şəxsi təsərrüfatını yarada bilib. Biz birinci dəfə görüşəndə onun 130 qoyunu, 10 inəyi vardı. Qohumumun mal-qarasının sayı ilbəil artırdı. Mən çox sonralar bildim ki, qohumum mal-qarasını qurd-quşa yem etməmək üçün gecələr də fermada yatırmış...
Həmin qohumum çox yaşlandığı üçün 2 il əvvəl mal-qarasını satıb, Bakıya köçdü. İndi Zığ qəsəbəsində onun ikimərtəbəli evi, geniş həyəti var. Biz sonuncu dəfə görüşəndə, ömrünün səkkizinci onilliyini xırdalayan qohumumu xeyli qəmgin gördüm. Səbəbini soruşanda, belə dedi: “Qonşular deyirlər ki, dünən kənddən gələn qaçqının şəraiti bizdən yaxşıdır. Bu adamlar bilmirlər ki, mən bu şəraiti yaratmaq üçün 15 il qoyun-quzu ilə bir yatıb, bir qalxmışam”.
10 il əvvəl Biləsuvar rayonunda Cəbrayıldan olan məcburi köçkünlər üçün qəsəbələr inşa olunmağa başaldı. İndi həmin ərazidə 11 qəsəbə var. Bu qəsəbədə bizim Soltanlı kəndindən də bir neçə ailə yaşayır. İldə ən azı iki-üç dəfə həmin qəsəbələrə yolum düşür. Vaxtilə ilan mələyən bu çöllər indi yaşıllığa bürünüb. İnsan iradəsinin nəyə qadir olduğunu görmək istəyənlər mütləq həmin qəsəbələrə baş çəkməlidirlər. Yağışlı-çiskinli payız da, soyuq qış da həyətlərdəki gül-çiçəyi, yaşıllığı soldura bilmir.
Biz azərbaycanlılar torpağa ana deyirik. Ana Torpaq heç bir övladının əziyyətini yerdə qoymur. Əsas odur ki, torpağa əyilib, onun susuzluqdan cadar-cadar olmuş sinəsini alın təri ilə islada biləsən...
Seymur Verdizadə