Modern.az

Türkiyə səfirini Xaçmaza nə üçün dəvət etdim?

Türkiyə səfirini Xaçmaza nə üçün dəvət etdim?

Aktual

18 May 2021, 13:10

Xaçmazın Pirquluoba kəndində 1918-ci il erməni vəhşiliyinin əyanı sübutu olan sirli və qanlı bir tarix yatır. Kəndin təxminən 3 hektara yaxın-lap dəqiqi, 2 hektar 82 sot torpaq sahəsi uzun illərdir nə əkilir, nə də becərilir. Niyə? Aqrar islahat gedərkən bu sahənin pay torpağı kimi sakinlərə paylanılmaması, hətta bələdiyyələrin torpağın sotunu fantastik qiymətə satmağa meylli bir vaxtda bu torpağın bir əsrə yaxındır satılmaması məni çox maraqlandırdı. Amma, sən demə, burada çox nəcib jest və sakinlərin qəlbən türklərə böyük rəğbətləri varmış. Fikir verin, fakt illərdir açıqlanmasa da çox maraqlıdır və təqdirəlayiqdir ki, yerli əhali bu sahəni "türk şəhidliyi" adlandırırb və illərdir qoruyub və qorumaqdadır. Bu tarixi fakt yüz ildir, 2017-ci ilin iyununa qədər, hamıya-yerli əhaliyə məlum olsa da heç kim bu barədə açıqlama verməyib, susub, cəsarət etməyib. Mən isə eşidəndə susa bilmədim. Bu barədə ilk dəfə mənə dostum, AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun Quba təcrübə bazasının elmi əməkdaşı, biologiya elmləri namizədi, dosent Dilşad Bayramova məlumat verib. Dilşad xanım mənə onda söyləmişdi ki, bölgənin meyvə sortlarının genofondunu öyrənmək üçün Xaçmazın Qoçaqlı və Pirquluoba kəndlərində olarkən sakinlərdən bu faktı eşidib: "Qoçaqlı kəndində İmaməddin Tahirov adlı bir sakin mənə bu türk məzarlığı barədə danışdı. İmaməddinin atası Tahir Tahirov 1970-1973-cü illərdə ərazidəki Mirzə Davud Hüseynov sovxozunun direktoru olub. Tahir kişi bu torpağı ciddi cəhdlə qoruyanlardan olub və heç vaxt imkan verməyib ki, bu sahə şumlansın, texnika işləsin."

 

 

Fakt məni çox maraqlandırdı. Sovetin o qızğın dövründə türk məzarlığı adlanan sahəni qorumaq doğrudan da böyük cəsarət tələb edirdi. Həm də əsrin əvvəlindən Tahir Tahirova qədər və sonra da bu sahəni əkməyi qadağan edən, ürəklərində erməniyə nifrət, türkə rəğbət bəsləyən xeyirxah insanlar olub ki, bu torpaq bu günümüzə gəlib çatıb.

 

Qısası, Dilşad Bayramovadan bu faktı öyrənən kimi Qubadakı kütləvi məzarlıqdan yaxşı tanıdığım, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi əməkdaşı, arxeoloq-alim Qəhrəman Ağayevi Xaçmaza dəvət etdim. Qəhrəman Ağayev, Dilşad Bayramova, İmaməddin Tahirov, o vaxt Qoçaqlı bələdiyyəsinin sədri olan Fətullla Nurəhmədov və mən Pirquluoba kəndi ərazisindəki "türk şəhidliyi" adlanan sahəyə baş çəkdik. Və ilk dəfə olaraq xalqın illərdir gizli şəkildə sevə-sevə saxladığı bu türk məzarlığı barədə ictimaiyyətə və mətbuata məlumat vermək mənə nəsib oldu. Buna görə çox şadam. Gördüklərim barədə həmin il-2017-ci il iyun ayının 28-də "İsti press"saytında "Xaçmazda 100 illik tarix ortaya çıxdı" sərlövhəli yazı ilə çıxış etdim.

 

 

Yerli sakinlər Pirquluoba kəndindəki məzarlıqda 1918-ci ildə ermənilərin Quba qəzasına hücumu zamanı baş verən döyüşlərdə düşmənə qarşı müqavimət göstərən və şəhid olan türk əsgərlərinin dəfn olunduğunu deyirlər və  bu ərazinin tarixçilər və arxeoloqlar tərəfindən araşdırılmasını istəyirlər. Bu təşəbbüslə də çıxış etdik və müraciətimizdən sonra Xaçmazın o vaxtkı icra başçısı Şəmsəddin Xanbabayev ərazidə arxeoloji araşdırması üçün Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərliyinə müraciət edib və müsbət qərar qəbul edilib. 2018-ci il iyun ayının 28-də Qəhrəman Ağayev Pirquluoba kəndindəki "türk şəhidliyi"adlanan sahədə arxeoloji tədqiqat aparıb. O ərazidə 5 sot sahədə 2 tarixi qəbri  açıb və sümükləri Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinə göndərib. Birlikdən gələn rəydə sakinlərin ehtimalları təsdiqlənib. Verilən rəydə sümüklərin 18-25 yaşlarında şəxslərə məxsus olması, onların zorakılıqla ölməsi və sümüklərin təxminən 100 il əvvələ aid olması tam təsdiq edilib.

 

O vaxtdan bu əraziyə gələn-gedən olmayıb. 3 hektara yaxın bu torpaq sahəsi yenə qorunur. O vaxtdan bu ərazinin geniş tədqiq edilməsi məsələsi də dayanıb. Bunun da obyektiv səbəbləri var. Son iki ildə ölkədə dünya pandemiyası olan koronavirus dəhşətləri yaşandı. Vətən müharibəmiz başladı və biz tarixi torpaqlarımızı Ali Baş Komandanımızın qətiyyəti və şəhidlərimizin qanı və igidlərimizin şücaəti sayəsində geri aldıq. İnanıram ki, Xaçmazın Pirquluoba kəndindəki "türk şəhidliyi"adlanan tarixi ərazimiz də aidiyyatı dövlət orqanlarımız tərəfindən geniş tədqiq olunacaq. Bu araşdırmaların sonunda Xaçmazda da türk əsgərlərimizin şərəfinə xatirə kompleksinin salınacağına da da ümid edirəm.

 

Mayın 10-da-Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin 98-ci ildönümü günündə Quba şəhərində möhtəşəm Azərbaycan -Türkiyə qardaşlıq parkının açılışı oldu. Açılışda iştirak edən Türkiyənin ölkəmizə yeni təyin edilən səfiri Cahit Bağçını görəndə Pirquluoba məzarlığı yadıma düşdü. Eləmə tənbəllik, bu mühüm tədbirin reqlamentini  "pozub" Cahit Bağçıya yaxınlaşdım və məzarlıq barədə cənab səfirə məlumat verdim. Cahit bəy məni səbr və hörmətlə dinləyərək həmin yerə gələcəyini bildirdi. Qubanın icra başçısı Ziyəddin Əliyev də yanımızda idi və o  bu basabasda səfirə yaxınlaşmağımı normal qarşılayaraq tədbirin artıq başlamalı olduğunu dedi.

 

 

Türkiyə səfirini Xaçmaza nə üçün dəvət etdim? 44 günlük Vətən müharibəsində  türk qardaşlarımızı yanımızda, Türkiyə rəsmilərini, hörmətli Rəcəb Tayyib Ərdoğanı möhtərəm İlham Əliyevin yanında, bizimlə birgə gördük. İstərdim, türk xalqı, rəsmiləri bir daha görsün ki, Azərbaycanın bir əyalətində yerli əhali türkə nə qədər rəğbət bəsləyir... İstəyirəm, bilsinlər ki, 1918-ci ildən üzü bu yana, qadağalara baxmayaraq, sovetin qatı rejimində yaşamış xalq, azərbaycanlılar nə qədər sevirmiş və sevir türk  xalqını. Ümummilli liderimiz Heydər Əliyev "Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir" kəlamını uzaqgörənliklə çox doğru deyib....və təsadüfən deməyib ki... Rəhmətlik Heydər Əliyev hər bir azərbaycanlının ürəyində böyük  türk sevgisi olduğunu çox gözəl bilirdi axı.

 

PS. İnanıram ki,Türkiyənin Azərbaycandakı yeni səfiri Cavit Bağçı dəvətimi qəbul edib Xaçmaza gələcək...Mövzunun  davamı o zaman olacaq.

 

 

Aytəkin ALXASLI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı