Modern.az

Hər il 8 milyondan çox insan tütün tüstüsündən ölür

Hər il 8 milyondan çox insan tütün tüstüsündən ölür

Aktual

31 May 2021, 12:38

Hər il 8 milyondan çox insan tütün tüstüsünün təsiri nəticəsində yaranan xəstəliklərdən həyatını itirir, onlardan 1 milyonu ətrafa yayılan ikincili tüstüsü ilə nəfəs alan tütünçəkməyən insandır.

 

Modern.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev Ümumdünya Tütünsüz Günü ilə bağlı müsahibəsində bildirib.

 

T.Musayev deyib ki, COVID-19 pandemiyasının başlaması ilə milyonlarla tütün istifadəçisi tütün asılılığını aradan qaldırmaq istədiklərini bildirdilər:

 

“Effektiv tütündən imtina strategiyalarının fəal şəkildə təbliğ edilməsi, tütündən imtina xidmətlərinə çıxışın artırılması, tütün tüstüsünün təhlükələri barədə əhalinin məlumatlandırılması insanların tütündən imtina etməsi üçün daha sağlam mühitin yaradılmasına kömək edəcək.

 

Əhalinin tütünə qarşı mübarizə məsələləri üzrə məlumatlandırılması sosial dəyişikliklərin təmin edilməsi üçün vacibdir. Ona görə əhalinin məlumatlılığının artırılmasının kommunikasiya vasitələri tütünün istehlakı və tütün tüstüsünün təsiri ilə bağlı davranış normalarının dəyişilməsi üçün vacibdir”.

 

 

T.Musayev qeyd edib ki, tütündən imtina ilə bağlı məlumatı da bölüşüb:

“Tütündən istifadə güclü asılılıq yaradır. Təcrübə göstərir ki, tütün istehlakçılarına bu vərdişdən imtina etməyə dəstək göstərilməsi üçün peşəkarlar, yəni hazırlanmış mütəxəssislər tərəfindən hətta qısamüddətli məsləhətlər, o cümlədən “qaynar telefon xətləri” üzərindən davranışa dəstək məsləhətləri faydalı ola bilər. Bilmək vacibdir ki, insanların əksəriyyəti siqaret çəkmir, çəkənlərin çoxu isə bu vərdişdən imtina etmək arzusundadır, onlar siqaret çəkməni əsasən öz istəyi ilə yox, tütün məmulatlarında mövcud olan nikotindən yaranmış asılılıq səbəbindən edirlər. Ona görə də bu zərərli vərdişdən imtina etmək istəyənlər ilk növbədə əmin olmalıdırlar ki, tütünçəkmədən xilas olmaq mümkündür və dünyada milyonlarla insan bunu bacarıb. 

 

Azərbaycanda tütündən imtina etmək istəyənlərə dəstək olmaq məqsədilə 1 fevral 2021-ci il tarixdən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən əhali üçün tütündən imtina üzrə “Qaynar xətt” fəaliyyətə başlayıb. Tütündən asılılığı olan və tütünçəkmədən imtina etmək istəyən şəxslər “Qaynar xətt”ə zəng edərək, peşəkar tibbi-psixoloji məsləhətlər ala bilərlər. Bu günədək ölkəmizin demək olar ki, bütün bölgələrindən yüzlərlə vətəndaş bu xidmətdən faydalanıb. Tütündən imtina üzrə “Qaynar xətt”in nömrəsini bir daha xatırlatmaq istəyirəm: (+994 050) 800 70 45. Onu da vurğulayım ki, zəng edənlərin və ya bu nömrəyə votsapla müraciət edənlərin anonimliyi qorunur, onlara dair şəxsi məlumatlar heç bir halda paylaşılmır. Hər bir müraciətə fərdi yanaşılır, sualları cavablandırılır və tütündən imtina etmək istəyən hər kəsə lazımi psixoloji-tibbi tövsiyə verilir.

Tütündən imtina cəhdləri bəzən uğursuz ola bilər, amma mən bu cəhdləri daha inamla təkrarlamağı tövsiyə edirəm. Əsas odur ki, insanın özündə tütündən imtina etmək istəyi olsun və bu vərdişdən qurtulmaq ümidini heç bir halda itirməsin. Nəticədə, tütündən imtina etmiş şəxs nəinki özünü, həm də yaxın və doğmalarını da tütün tüstüsü səbəbindən yaranan təhlükələrdən xilas edir.

Digər vacib məqam: siqaret çəkənlər bilməlidirlər ki, tütündən istifadəni dayandırmaq heç vaxt gec deyil! Tütün çəkməyi tərgitmək mümkündür və bu halların sayı getdikcə artaraq bir norma halını alır. Məncə, tütünlə mübarizədə bizim hər birimizi cənab Prezidentimizin sözləri fərəhləndirməlidir: “Mən özüm siqaret çəkmirəm, heç kimə də bunu məsləhət görmürəm”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı