Ömür bir karvana bənzər, gec-tez son mənzilinə çatan karvana. Kimlərsə son məkanına vaxtlı çatar, kimlərsə gecikər, digərləri tələsər. Amma yaşanmış illərin dəyəri bu zaman məfhumu ilə ölçülməz. Haqq dünyasına qovuşduğunun 40-cı günündə haqqında söhbət açacağımız Arif Cəfərovun da ömür yolları uzun olmadı, amma bu ömrün məna yükü zənginliyi ilə yadda qaldı.
Arif Cəfərov 1959-cu ildə Xankəndi şəhərində anadan olub. Orta təhsilini bu şəhərdə, rusdilli 3 nömrəli məktəbdə alıb. Daha sonra Mingəcevir Politexnik Texnikumunda oxuyub. Texnikumu bitirdikdən sonra o, gələcək həyatını daxili işlər orqanları ilə bağlayıb, keçmiş Daqlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsində milis serjantı kimi xidmətə başlayıb.
Xidmətin çətinliyinə, vaxt məhdudiyyətinə baxmayaraq Arif Cəfərov ali təhsil almağı da arxa plana salmayıb. O, Xankəndi Pedaqoji İnstitutunun tarix fakültəsində qiyabi yolla ali təhsil alıb. Daha sonra Bakıda Polis Akademiyasını bitirib.
Xankəndi şəhərində milis serjantı işləyərkən Arif Cəfərov çevikliyi, Azərbaycan, rus və erməni dillərini mükəmməl bilməyi, miliş orqanlarında nümunəvi xidməti ilə erməni həmkarlarından fərqlənib. Sözsüz ki, bu da millətçi ermənilərin qısqanclığına səbəb olub. Daqlıq Qarabağın milis orqanlarında yüksək rütbəli erməni zabitləri ona qarşı qeyri-səmimi münasibət bəsləsələr də, Arif Cəfərov xidməti vəzifəsini layiqincə yerinə yetirib, cinayətkarlığa qarşı mübarizədə heç bir təzyiqə baxmayaraq qanunların aliliyini üstün tutub, böyük hissəsi ermənilərdən ibarət olan şəxsi heyətin arasında azərbaycanlı kişilərinə xas olan qorxmazlıq, mərdlik, kişilik nümayiş etdirib.
Bəli, ot kökü üstündə bitər, deyiblər. Arif Cəfərov mərdliyi, qorxmazlığı, sözündə bütöv olmağı, el-obasına bağlılığı ilə ata-babalarının yolu ilə gedib. Onun babası Mürsəl kişi, atası Eldar, əmiləri Tofiq, Saleh də yuxarı Qarabağda sayılıb-seçilən kiçilərdən olublar, onilliklər boyu Xankəndində yaşayan məkrli ermənilərin cavablarını layiqincə veriblər.
1988-ci ildə Dağlıq Qarabağ hadisələri başlayanda Arif Cəfərov da susqunluq nümayiş etdirməyib. Onun milis kimi xidmətində ikinci cəbhə açılıb, həm cinayətkarlığa, həm də erməni millətçilərinə qarşı mübarizə cəbhələri.
Xankəndi şəhərini sonuncu tərk edən sakinlərdən biri kimi Arif Cəfərov son imkanlarına qədər ermənilərin cavabını verib, onların xislətinin nədən ibarət olduğunu erməni həmkarlarının üzünə deməkdən çəkinməyib. Elə bu cəsarətinə görə də Arif Cəfərov həyat yoldaşı Esmira xanım və üç azyaşı uşaqları ilə Xankəndini güllə yağışı altında tərk edib.
Arif Cəfərov 1980-ci ildə Esmira xanımla ailə həyatı qurub. Əslən ağdamlı olan Esmira xanım Xankəndi Pedaqoji İnstitutunu qırmızı dipıomla bitirdikdən sonra pedaqoji fəaliyyətinə elə həmin institutda başlayıb. Bu gün Esmira xanım Arif Cəfərovla 41 illik evlilik həyatının xatirələrini ürək ağrısı ilə bölüşür:
“Ömür-gün yoldaşını itirmək hər bir qadın üçün ağrılıdır. Bu ağrılarla yaşamağın çətinliyini sözlə ifadə etmək mümkün deyil. Arif bütün həyatını polis orqanlarında xidmətə həsr etdi. Amma gərgin iş rejiminə baxmayaraq o, ailə qayğıları ilə məşğul olmağa həmişə vaxt tapırdı. Arif ən yorğun vaxtlarında belə ailədə rahatlıq tapırdı, xidməti problemlərini biruzə vermirdi. Həyat sevgili bir adam idi Arif. Onun haqqında keçmiş zamanda danışmaq mənim üçün çox çətindir. Hələ də Arifin yoxluğuna inana bilmirəm. Ölüm dönüşü olmayan tətildir. Tətilin bitmədimi, Arif! 40 gündür sənsizik. Qayıt evimizə. Sənsiz çox çətindir. Yəni mən bu qədər güclüyəm ki, Qarabağ həsrətindən qovrulub yanan ürəyimə ikinci bir dərdi, yoxluğunu da yükləyib getdin? İçimdə o qədər acı var ki, nə keçir, nə də ki, bitir...”.
Arif Cəfərov Dağlıq Qarabağ hadisələrindən sonra xidmətini Bakıda davam etdirib, 6-cı bölmədə rəis müavini, 4-cü və 28-ci bölmələrdə rəis, Binəqədi rayon Polis İdarəsində rəis müavini vəzifələrində işləyib.
Xankəndi nisgilli Arif Cəfərov 44 günlük Qarabağ müharibəsindən sonra doğma yurduna dönmək arzusu ilə yaşayırdı. Amma ömür vəfa etmədi.
62 yaş insan ömrü üçün çox da böyük rəqəm deyil. Amma Arif Cəfərov qismətinə düşən bu illərdən səmərəli istifadə etdi. O, bacardığı və mümkün olan qədər vətəni, xalqı üçün çox işlər gördü və sözsüz ki, hələ görəcəyi işlər də var idi. Amma nə etməli, Tanrı yazısından çıxmaq olmaz. Sözsüz ki, Arif Cəfərovun yarımçıq işlərini onun böyüdüb tərbiyə etdiyi övladalrı, Anar, Ramal, Eldar davam etdirəcəklər.
Arif Cəfərov nakam getmədi bu dünyadan, məşhur mahnıda deyildiyi kimi, arif olan nakam getməz bu dünyadan. Arif bu dünyanın arifi idi.
Ruhun şad olsun, Arif müəllim, biz həmişə səni xatırlayacağıq, Xankəndinə dönəndə gəzib dolaşdığın o şəhərdə yerin həmişə görünəcək...
İlham Cəmiloğlu