
Azərbaycanın ilk mobil operatoru və aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti dünyanın ən məşhur futbol klublarından olan “Mançester Yunayted”lə tərəfdaşlığa başladığını böyük məmuniyyətlə elan edib. Üçillik tərəfdaşlıq müqaviləsi çərçivəsində Bakcell şirkəti bütün MDB məkanında “Mançester Yunayted”in ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq bu komandanın ölkədəki azarkeşlərinə və 2.6 milyondan artıq Bakcell abunəçisinə geniş çeşidli xüsusi və eksklüziv məzmun təqdim edəcək. Bakcell eyni zamanda məşhur olan futbol klubu ilə əməkdaşlıq quran ilk Azərbaycan şirkətidir.
Modern.az xəbər verir ki, bundan sonar Bakcell-in rəsmi “Mançester Yunayted” mobil xidmətlər paketinin abunəçiləri klubun ən son xəbərləri, son oyunların video görüntüləri, rinqtonlar, divar kağızları və s. əldə edəcəklər. Bakcell, həmçinin klubun rəsmi MUTV televiziya kanalını Azərbaycanda yaymaq hüququna malik olub, futbol azarkeşlərinə futbolçuların son müsahibələri və səhnəarxası çəkilişlərini izləmək imkanını verəcək.
Bu tərəfdaşlıqdan danışan “Mançester Yunayted” klubunun əlaqələr üzrə direktoru Nick Hamfreys bildirib ki, onların klubu Azərbaycanın ilk mobil operatoru Bakcell şirkəti ilə əməkdaşlıq etməkdən çox məmnundur.
“Bu Azərbaycanla olan yeganə əməkdaşlığımızdır. Azərbaycan xalqına təşəkkür edirik ki, onlar bizi xoş münasibətlə qarşıladılar. Azərbaycanlı azarkeşlərimizin sayı gündən-günə artır və biz inanırıq ki, Bakcell şirkəti ilə iş birliyimiz azarkeşlərimizə sevdikləri kluba daha yaxın olmaq imkanı yaradacaq”.
Bakcell şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib ki, Azərbaycanın ilk mobil operatoru Bakcell daim “İlklər” şirkəti olub və dünyanın bir nömrəli futbol brendi olan “Mançester Yunayted”lə əməkdaşlıq bunun daha bir əyani sübutudur.
“Bakcell tək Azərbaycanda yox, bütün MDB məkanında dünyanın ən böyük futbol klublarından biri ilə əməkdaşlıq edən ilk şirkətdir. Bu əməkdaşlıq sayəsində Bakcell müştəriləri, “Mançester Yunayted” azarkeşləri, ölkənin və bütün regionun futbolsevərləri futbola və adı çəkilən kluba daha yaxın olacaq”.
Tədbirdə iştirak edən “Mançester Yunayted” klubunun əfsanəvi qapıçısı Peter Şmeyxel ölkəmizdə gözəl qarşşılandığı üçün hər kəsə öz təşəkkürünü bildirib. O bildirib ki, onun oynadığı vaxtlar Sovetlər birliyinə təsadüf etdiyindən, Azərbaycan yığması ilə oyunlarda qarşılaşmayıb:
“Təəssüflər olsun ki, Azərbaycan yığması ilə oyunlarda qarşılaşmamışam. Uşaqlıqdan “Mançester Yunayted” klubunun azarkeşi olmuşam. Sonra vaxt elə gətirdi ki, özüm bu klubun oyunçusu oldum. Bu günki hadisə də bir yenilikdir. Bu baxımdan hər kəsi Bakcell-ə qoşulmağa səsləyirəm. Hər kəsi bu yenilikdən yararlanmağa çağırıram”-deyə məşhur qapıçı vurğulayıb.
Anar Kəlbiyev