Modern.az

Ağçay sahilində qoşa Şəhid Türk MƏZARI

Ağçay sahilində qoşa Şəhid Türk MƏZARI

Aktual

14 Sentyabr 2021, 11:18

Bütöv Azərbaycan hüdudlarında, eləcə də Bakı şəhəri və ətraf kəndlərdə dinc müsəlman-türk qövmünə qarşı 1918-ci il boyunca soyqırımı  törədən hay kilsəsi, onun quldur daşnak-rus silahlı birləşmələrinin  hərəkət xətti üzrə yerləşən bölgələrdən biri də Quba qəzasının yaşayış məntəqələri olub.

Bolşevik Rusiyasının Həştərxan limanından (eləcə də quru yolu ilə) silah-sursat və canlı qüvvə təchizatı, Bakı şəhərində hay əsilli neft maqnatlarının (“Al.Mantaşyants” şirkəti, A.O.Qukasyan (1872-1969), Q.S.Gülbekyan (1869-1955), İ.N.Ter-Akopyan, ”Mirzəyan qardaşları”, ”Lianosyan oğulları” kompaniyaları...) dəstəyi, A.Mikoyanın, S.Şaumyanın, Q.Korqanyanın, A.Srvantsyanın (XI Ordunun 3-cü briqadasının)... nizami hərbi dəstələrlə təminatı ilə həm dəmiryolu boyunca irəliləyən zirehli qatarların, həm də süvari bölmələrin hücumlarına məruz qalan, Xəzərsahilində yerləşən  Zarat, Həmyə, Gilgilçay, Gəndob (Kəndoba) istiqamətindən sonra Quba və Xaçmaz nahiyələri  üzrə gələn düşmən birləşmələrinin Samur çayına qədər olan ərazilərdə (Quba, Qusar, Xaşmaz, Şabran nahiyələrində) amansız qətliamlarının qurbanlarının sayı 30 min nəfərə qədər çatıb.  

Quldur düşmən birləşmələrini durduran və soyqırımı qurbanlarının sayının artmasının qarşısını alan yerli müqavimət dəstələrinə və  Azərbaycan Milli Ordusunun piyada-süvari birliklərinə kömək edən Osmanlı Türkiyəsinin general Nuru paşanın (1889-1949) başçılığı ilə 5-ci Qafqaz İslam Ordusu heyətinin döyüş-cəbhə xəttinin keçdiyi, açıq səngər-savaş ərazilərindən biri də Quba qəzasının Ağçay sahilindəki  Amsar, Nügədi Qazmalar, Zizik, Qəcərzeyid, Qaraçay, İqrik, Bağbanlı... kəndlərində  olub.

       
 İqrik kəndi yaşlılarının (Talıb Məcid oğlu Manafovun (1901-1975), İman Aslan oğlunun (1922-1999) ...) dediyinə görə, o illərdə quldurlar Bakı-Quba yolunun 161-ci km-də sağa tərəf 700-800 m aralı yerləşən bu kəndin evləri (40-50 “tüstü” olub) tamamilə yandırılmış, əhalinin var-dövləti qarət edilmişdi. Hücumdan canlarını qurtarmaq üçün dinc sakinlər Ərməki kəndinə sığınsalar da, yalnız iki xəstə, yaşlı qadın qalmışdı. Camaat geri qayıdanda həmin yaşlı qadınlardan birinin  kəndin ortasındakı 450-500 il yaşı olan Şərq çinarına (el arasında ona “Pir ağacı” da deyirlər) çarmıxa çəkilib doğrandığının şahidi olub. Digərinin isə  kürəyinə qaynar samovar bağlayaraq onu da  ağır işkəncə ilə qətlə yetiriblər.

5-ci Qafqaz İslam Ordusunun heyəti ilə birlikdə birləşmiş düşmən qüvvələrinə qarşı Əli bəy Ziziksinin (1876-1929)  təşkilatçılığı və iştirakı ilə İqrik kəndindən qoçu Həbib İskəndər oğlu (1885-1932), yüzbaşı Fərhad (1870-1934), Hacı Süleyman bəy (70 yaşa yaxın 1930-cu illərdə Sibir sürgünündə vəfat edib), Xaşı kəndindən qaçaq Mayıl Zahir oğlu (1864-1924)...da yaxından iştirak edib. Ordunun qərargahı və düşərgəsi isə kənddən 200 m aralı, Ağçayın sol sahilində, çay dərəsinin üstündəki geniş düzəngahda imiş.

Deyilənə görə Quba-Qusar cəbhə xəttində yaralı əsgərlər bu düşərgədə müalicə alıblar, amma yaraları sağalmayan və Şəhid olmuş  iki əsgər İqrik kəndinin o dövrdə kənarındakı (indi mərkəzindəki) qəbirstanlıqda dəfn edilib, üstlərinə iki eyni formalı başdaşı (boyu 1,5 m olar) qoyulub, adları ərəb əlifbası ilə Hacı Əli və Hacı Səfərəli yazılıb, amma fərqli  tarixlər (1912 və 1924) göstərilməklə.

        
 Bu addım ona görə atılıb ki, məzarların Türklərə və 1918-ci ilə məxsus olması bilinməsin, onları mühafizə edib, qorunub saxlamaq mümkün olsun, necə ki, olub.

          
2012-ci ildə Türkiyə Cumhuriyyətinin Azərbaycan Respublikasındakı böyükelçisi İsmayıl Alpər Coşğunun  səyi və Quba rayon İcra Hakimiyyətinin yaxından köməkliyi ilə bu məzarlar üzərində abad ziyarətgah-qəbirüstü abidə yaradılıb. Əski qəbirlərin üstündəki başdaşı qara mərmər örtülü sinə daşı ilə kompleks yaradılıb, arxa hissədə isə məşhur türk şairi, hüquqşünası Midhət Cəmal Kuntayın (1885-1956) 13 beytlik “On beş yılı karşılayarken” lirik məsnəvisnin sonuncu - “Bayrakları bayrak yapan üstündəki al qandır, Torpaq, əgər uğrunda ölən varsa, Vatandır” beyti naxışlanıb, ucalıqda - hər iki yanda iki qardaş dövlətin bayraqları dalğalanmaqdadır.

         
Ziyarətgahın sol tərəfindəki cilalanmış metal “İqriq Türk Şəhidliyi” lövhəsində isə xalq şairi B.M.Vahabzadənin (1925-2009)  “Yolçu, burda ayaq saxla, keçmə bu yerdən!...” xitabı ilə başlayan 2 bəndlik şeri yazılıb.

       
Bölgənin əksər kəndinin sakinləri bu Şəhidliyi daima hörmətlə yad və onları həmişə ziyarət edir, müqəddəs Şəhid ruhuna qarşı ehtiramlarını bildirməklə mənəvi borclarını bildirirlər.

       
Bu ənənə nəsillər boyunca davam edəcək  milli gələnəklərimin sakral səhifəsidir.

(Yazının hazırlanmasında həm də Quba rayonu, İqrik kənd sakini Sərdar Talıb oğlu Manafovun (1965) məlumatlarından istifadə edilib)    

Qismət  Yunusoğlu,

Bakı Dövlət Universitetinin müəllimi (050-3726008.)     

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı