Modern.az

Heydər Əliyev siyasəti xoşbəxt gələcəyimizin təminatçısıdır

Heydər Əliyev siyasəti xoşbəxt gələcəyimizin təminatçısıdır

Aktual

4 Oktyabr 2021, 16:55

 

28 il bundan əvvəl, oktyabrın 3-də ölkədə keçirilən Prezident seçkilərində Azərbaycan xalqı böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Xalqın tələbi və təkidi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. Bu həm də xilaskarlıq missiyası idi.

 

Azərbaycan xalqı qanı və canı bahasına əldə etdiyi müstəqilliyin qorunması üçün bu müstəqilliyin əldə olunmasına ən çox töhfə vermiş və onu qoruya biləcək əvəzsiz lideri Heydər Əliyevi dəvət etdi. Hələ 1992-ci ilin oktyabrında Azərbaycanın “91-lər” adlanan ziyalılar qrupu Heydər Əliyevə hakimiyyətə qayıdışı üçün müraciət etmişdilər. 1993-cü il iyunun 9-da Heydər Əliyev, nəhayət, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyev Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq Gəncəyə yollandı və bölgədə davam edən qiyamın qarşısını aldı.

 

Ulu öndər Heydər Əliyevin 1993-cü ilin 15 iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra respublikamızda keçirilən hər seçki müstəqil Azərbaycan dövlətinin seçki təcrübəsində mühüm irəliləyişlərlə səciyyəvidir. 1993-cü ildən ölkəmizdə keçirilmiş iki referendum, dörd prezident, üç parlament, iki bələdiyyə seçkisi Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsi baxımından böyük uğurlarla yadda qalmış, bu sahədə qazandığımız nailiyyətlər əməkdaşlıq münasibətlərini getdikcə inkişaf etdirdiyimiz aparıcı dövlətlər və nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən rəğbətlə qarşılanmışdır. Ötən illərdə ölkədə keçirilmiş hər bir seçkinin əvvəlki illə müqayisədə irəliyə doğru addım olduğunu beynəlxalq təşkilatların rəylərinin müqayisəli təhlili də birmənalı sübuta yetirir.

 

Azərbaycan dövləti tarixi təkamül yolu ilə qazanılan nailiyyətlərlə kifayətlənməmiş, ölkədə seçki təcrübəsinin demokratik standartlara uyğunlaşdırılması yönündə səyləri artırmış, beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətlərini gücləndirmişdir. Ölkə iqtidarının siyasi iradəsilə 1997-ci ildən müasir standartlara cavab verən seçki qanunvericiliyinin formalaşdırılması məqsədilə Azərbaycan hökuməti və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu arasında qurulmuş fəal işbirliyinin müsbət nəticələri bu nöqteyi-nəzərdən diqqəti xüsusilə çəkir. Azərbaycan 2001-ci ilin yanvarında Avropa Şurasına tamhüquqlu üzv qəbul edildikdən sonra bu sahədə əməkdaşlıq hüdudları daha da genişlənmiş, ölkədə seçki qanunvericiliyinin təkmilləşdirilməsi işində Avropa Şurasının Venesiya Komissiyası da yüksək fəallıq göstərmişdir.

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətini yaratmışdır və onun bütün sahələrdə sarsılmaz təməllərini müəyyən etmişdir. Qərbə inteqrasiya yolunu tutan Ulu Öndər Heydər Əliyev ən çətin anlarda belə yenilməz siyasi iradə nümayiş etdirdi, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi məhz bu böyük insanın iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi. Məhz Heydər Əliyevin neft strategiyasının təcəssümü olan “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir. 

Ulu Öndər Heydər Əliyevin nurlu xatirəsi qəlbimizdə, yaddaşlarda əbədi yaşayır. O, bizim üçün həmişə əziz olub, əziz olaraq da qalacaqdır. Ulu öndər nurlu bir müdriklik simvolu idi. Dahi və bənzərsiz şəxsiyyət parlaq günəşdir ki, üzərimizə səpələnən şüaları onun işıqlı ideyalarıdır. Bu şüalar həyatımızın hər sahəsinə işıq salır, bizə yol göstərir. Azərbaycanı inkişaf etdirən, ona beynəlxalq aləmdə nüfuz qazandıran Heydər Əliyev siyasəti uğurlu sabahımızın, xoşbəxt gələcəyimizin də təminatçısıdır.



Naftalan şəhər sakini:                                                     Faiqə Ağayeva

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı