Modern.az

Suqovuşan qələbənin uğurudur

Suqovuşan qələbənin uğurudur

Aktual

8 Oktyabr 2021, 13:44

Ötən ilin 3 oktyabrında Talış kəndi və Suqovuşan qəsəbəsi işğaldan azad edildi. Bu əlamətdar hadisə ilə bağlı Prezident İlham Əliyev Tərtər rayonuna səfər zamanı Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaltdı. Qeyd etmək istəyirəm ki, bu tarixi hadisənin böyük önəmi var. Məhz Suqovuşan qəsəbəsinin azad edilməsi Vətən müharibəsinin gedişatında strateji əhəmiyyətə malik olmuşdur. Çünki bu qəsəbənin yerləşməsi müharibənin gedişatında önəmli rol oynayırdı. Bu, çox əlamətdar hadisə idi, müharibənin ilk günlərində strateji qəsəbəni işğaldan azad etmək böyük uğur olmuş və əsgərlərimizin döyüş ruhunun yüksəlməsinin səbəbidir. Müharibənin ilk günündə əldə edilmiş qələbələrdən sonra növbəti yaşayış məntəqələrinin azad edilməsi xalqımıza əlavə güc verdi, böyük Qələbə Zəfərimizi sürətləndirdi.

 

Şübhəsiz ki, Suqovuşanın yuxarıda qeyd edilən böyük hərbi-strateji əhəmiyyəti ilə yanaşı, eyni zamanda, mühüm iqtisadi önəmi də mövcuddur. Suqovuşan su anbarına Azərbaycanın nəzarətinin təmin edilməsi Tərtər, Bərdə, Ağdam, Goranboy və digər rayonların su təminatı problemini həll etmiş oldu. Vaxtilə sovet dövründə su anbarının yanında Ulu Öndər Heydər Əliyev tərəfindən iki su elektrik stansiyası inşa edilmişdi. Müharibə zamanı düşmən bu stansiyaları da dağıtmışdır. Hazırda ən qısa zamanda “Suqovuşan-1” və “Suqovuşan-2” su elektrik stansiyalarının bərpası və işlək vəziyyətə gətirilməsi ərazinin iqtisadi baxımdan qüdrətli bir məkana çevriləcəyinin göstəricisidir.

 

Prezident İlham Əliyev Suqovuşan səfəri zamanı Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın cinayətkar əməlləri, xain, qorxaq, simasız birisi olması, onun keçmişi ilə bağlı faktları da açıqladı. Serj Sarkisyanın dinc əhalinin qatili olması artıq beynəlxalq aləmdə də öz əksini tapıb. O, həm də öz ölkəsində qatil, cani kimi tanınıb. Çünki onun əlləri günahsız insanların qanına batıb. O, çoxlu sayda uşaqların, qocaların, qadınların vəhşicəsinə qətlə yetirilməsinin təşkilatçısı və iştirakçısı olub. İnsan hüquq və azadlıqlarının pozulmasında da onun tayı-bərabəri yoxdur.  Xocalı soyqırımı da daxil olmaqla dinc azərbaycanlı əhaliyə qarşı qətliam törədənlərdən birinin  məhz Serj Sarkisyan olduğunu bütün dünya bilir. Cənab Prezident haqlı olaraq əslində işğalçı və Xocalı qatili olan Sarkisyanın əli qana batmış dəstələrini məğlub etdiyimizi bütün dünyaya bəyan etdi.

 

Sözün bütün mənalarında Ermənistan hakimiyyəti, erməni xalqı birdəfəlik dərk etməlidirlər ki, müharibə və işğal faktı bitdi. İndi Cənubi Qafqaz regionunda sülhü, siyasi, iqtisadi və ictimai əlaqələri gücləndirmək, yenidən canlandırmaq vaxtıdır. Hesab edirəm ki, ermənilər bu fürsəti düzgün dəyərləndirməlidirlər. Azərbaycansız regionda heç bir layihə faktiki həyata keçirilməsi qeyri-mümkündür. Regionun inkişafı və humanitar fəlakətlə qarşılaşan Ermənistanın acınacaqlı vəziyyətdən çıxması naminə imzalanmış üçtərəfli bəyanatın şərtlərini o yerinə yetirməlidir. Əks halda daha ciddi məğlubiyyətlə qarşı-qarşıya qalacaqlar ki, bu da Ermənistanın bir dövlət kimi iqtisadi, siyasi və hərbi məhvinə səbəb olacaqdır.

 

Yaşasın Azərbaycan xalqı və Azərbaycan bayrağı! Yaşasın Prezidentimiz!

 

Elxan Quliyev, əməkdar müəllim

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı