Oktyabrın 8-də Azərbaycanda ilk dəfə İctimai Şuralar üçün vahid onlayn platformanın - “ictimaishura.az” saytının təqdimatı keçirilib.
Modern.az-ın məlumatına görə, tədbirin moderatoru, layihə eksperti Cəsarət Hüseynzadə diqqətə çatdırıb ki, bu platforma ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən “FHI 360”, “ICNL və MG Consulting” təşkilatları ilə birgə əməkdaşlıqda həyata keçirilən “Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti - ECSOFT” proqramı çərçivəsində “İctimai Şuralar üçün onlayn portalın yaradılması” layihəsi formatında ərsəyə gəlib.
Cəsarət Hüseynzadə bildirib ki, son dövrlər ölkəmizdə ictimai iştirakçılıq və ictimai nəzarət mexanizmlərin yaradılması və inkişafı üçün müxtəlif addımlar atılır. Bu prosesdə vətəndaş cəmiyyəti təşkilatlarının rolunu artırmaq üçün mərkəzi və yerli icra hakimiyyətləri yanında İctimai Şuraların yaradılması və fəaliyyətinin genişləndirilməsi də günün vacib tələblərindən biridir.
USAID-in Azərbaycan üzrə missiya direktoru Jay Singh bildirib ki, oxşar platformalar bəzi ölkələrdə də mövcuddur. O qeyd edib ki, təmsil etdiyi təşkilat Azərbaycanda ictimai iştirakçılığın və onun əsas mexanizmlərindən biri olan İctimai şuraların inkişaf etdirlməsi istiqamətində töhfə verməkdən məmnundur. Jay Singh USAID-in bu istiqamətdə Azərbaycanın səylərini dəstəkləməyə hazır olduğunu vurğulayıb.
İctimaishura.az saytını əyani şəkildə təqdim edən layihə rəhbəri Cəsarət Hüseynzadə deyib ki, “Milli Fəaliyyət Planı” çərçivəsində görülən tədbirlər nəticəsində hazırda mərkəzi icra hakimiyyətləri yanında İctimai şuraların sayı 20-yə çatıb. Bu ilin 9 ayı ərzində 14 nazirlik, dövlət komitəsi və xidmətləri yanında İctimai Şuralara seçkilər keçirilib. Bu baxımdan “Milli Fəaliyyət Planı”na qeyd olunun istiqamətlər üzrə töhfə vermək məqsədilə 2021-ci ilin əvvəlindən “ictimaishura.az” platformasının yaradılmasına start verilib.
Tədbirdə çıxış edən Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimov, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Elşad Məmmədov digər dövlət qurumlarının əməkdaşları və ictimai şura sədrləri bu layihənin əhəmiyyətindən danışıblar.