Azərbaycan Prezidenti İlham Əliyev və qardaş Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın dostluq, qardaşlıq münasibətləri, hər iki dövlətin maraqlarını hər zaman üstün tutmaları, öz prinsiplərinə, xalqımızın ortaq milli-mənəvi dəyərlərinə sadiq qalmaları, haqqın, ədalətin yanında olmaları, regionda və dünyada baş verən proseslərə obyektiv, qərəzsiz münasibətləri, iti zəkaları düşmən üçün göz dağı, dost üçün qürur mənbəyidir.
Bu sözləri Modern.az saytına açıqlamasında deputat Azər Kərimli deyib.
Deputat qeyd edib ki, hər iki şəxsiyyətin fenomenal liderlik keyfiyyətləri, mübaliğəsiz olaraq, onların XXI əsrin ən parlaq dövlət başçıları olduğunu deməyə əsas verir:
“Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin eyni zaman kəsiyində dövlət başçıları olması təkcə Türkiyə və Azərbaycanın deyil, bütün türk dünyasının böyük xoşbəxliyidir. Çünki məhz onların irəli sürdüyü təşəbbüslər, həyata keçiridikləri layihələr, nümayiş etdirdikləri qətiyyət Türk Dünyasının mənəvi baxımdan bütövləşməsinə gətirib çıxarıb, Türk Dövlətləri Əməkdaşlıq Şurasının cazibədarlığını artırıb və genişmiqyaslı iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafına əlverişli zəmin yaradıb”.
Türkiyə Prezidentinin Füzuli Beynəlxalq Hava Limanının açılışında və Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlinin qoyulması mərasimində iştirakını Türkiyə-Azərbaycan qardaşlığının növbəti nümunəsi kimi qiymətləndirən Azər Kərimli, hər iki dövlətin liderlərinin birgə səyləri nəticəsində həyata keçirilən layihələrin regionun bütün dövlətləri və xalqları üçün geniş perspektivlər açdığını bildirib:
“Təsadüfi deyil ki, Azərbaycan və Türkiyənin təşəbbüsləri və iştirakları ilə həyata keçirilən bütün enerji və nəqliyyat layihələri Türkiyə və Azərbaycan xalqları ilə yanaşı, digər dövlətlərin xalqlarına da rifah gətirib. Məhz bu baxımdan, Azərbaycan-Türkiyə qardaşlığı bütün dünya üçün nümunəyə çevrilə bilər”.
Deputat iki qardaş dövlət arasındakı münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əmin olduğunu bildirib:
“Bu əminliyi yaradan, şübhəsiz ki, Azərbaycan və Türkiyə liderlərinin dövlətlərimizin birgə xoşbəxt gələcəyi üçün atdıqları addımlar, Azərbaycan və Türkiyənin sarsılmaz qardaşlığı, birliyidir”.