11 yaşlı ananın qeysəriyyə əməliyyatı ilə dünyaya gələn uşağı bu gün dünyasını dəyişib.
Bu barədə Respublika Klinik Xəstəxanasının neonotologiya şöbəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial işçisi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin psixoloqu zorakılığa məruz qalaraq uşaq dünyaya gətirən 11 yaşlı uşağın psixo-sosial vəziyyətini qiymətləndirərək, onun reabilitasiyası istiqamətində fəaliyyətə başlayıb. Uşağın maraqlarını qorumaq məqsədi ilə dövlət sığınacağına yerləşdirilməsi qərara alınıb və o, nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilib.
Qeyd edək ki, İmişli rayon sakini, 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) atalığı - 1978-ci il təvəllüdlü S.C (ad şərtidir) tərəfindən zorlanması faktı əsasında sonuncuya Cinayət Məcəlləsinin 149.3.3 (zorlama təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.