Modern.az

Postmüharibə dövründə sosial işin verə biləcəyi TÖHFƏLƏR

Postmüharibə dövründə sosial işin verə biləcəyi TÖHFƏLƏR

Aktual

17 Noyabr 2021, 11:30

Hamımıza məlumdur ki, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-na qədər davam edən İkinci Qarabağ müharibəsi  Biz  birlikdə güçlüyük! şüarı ilə xalqımızın öz lideri ətrafında sıx birliyi sayəsində şanlı zəfərlə, Azərbaycanın beynəlxalq tanınmış sərhədlərinin bərpası ilə yekunlaşdı. Ölkənin ərazi bütövlüyünün bərpası dövlətimiz üçün beynəlxalq hüququn və milli-mənəvi dəyərlərin aliliyinin nümayişi kimi yadda qaldı. Məlum olduğu kimi, otuz ilə yaxın bir müddət ərzində işğal olunmuş ərazilərimizin maddi və mədəni sərvətləri talan edilmiş və dağıdılmışdır. İndiyədək bu istiqamıtdə aparılan hesablamalar göstərir ki, Ermənistanın Azərbaycana vurduğu ziyan  milyard dollarla ölçülür. Belə ki, hələ BMT-nin 2000-ci ildə hazırlanmış İnkişaf Proqramında işğal nəticəsində dəyən ziyan 54 milyard dollara yaxın bir rəqəmlə ifadə olunmuşdu.

 

Artıq müharibə bitmiş, sülh quruculuğu dövrü başlamışdır.Konfliktoloqlara yaxşı məlumdur ki, konflikt o vaxt bitmiş sayılır ki, tətəflər münaqişə münasibətlərindən  iqtisadi, sosial siyasi əməkdəşlıq münasibətlərinə transfer yolunu seçirlər. Əlbəttə, bu proses ağrılı prosesdir.Ancaq Azərbaycan müharibə bitdikdən dərhal sonra qarşı tərəfə əmkdaşlıq, sülh quruculuğu, dinc yanaşı yaşama yolunu təklif etdi və bunun üçün beynəlxalq birliyin dəstəyinin zəruriliyini bildirdi.

 

İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən həyata qaytarılması Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələrdən biridir. Qeyd edək ki, işğaldan azad edilən ərazilərin bərpası üzrə Azərbaycanın kifayət qədər təcrübəsi var. 1994-cü ildə uğurlu Horadiz əməliyyatından sonra Füzuli rayonunun 42 yaşayış məntəqəsində, 2016-cı ilin aprelində hərbi qələbədən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində görülmüş işlər, eyni zamanda, zəfərlə başa çatmış ikinci Qarabağ müharibəsindən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə planlaşdırılan və həyata keçirilən meqalayihələr bunu deməyə kifayət qədər əsas verir. 

 

Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərin bərpası və dayanıqlı məskunlaşmanın həyata keçirilməsi istiqamətində əsaslı addımlar atılmışdır. Belə ki, 2020-ci il noyabrın 10-da imzalanan Bəyanatda nəzərdə tutulmuş müddəaların icrasından irəli gələn, habelə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 noyabr 2020-ci il tarixli sərəncamı ilə Əlaqələndirmə Qərargahı  yaradıldı.

 

Bundan başqa,  Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması məqsədilə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il fərmanı əsasında Qarabağ Dirçəliş Fondu publik şəxs yaradılmışdır.

 

Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli sərəncamı ilə  Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə, işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə sosial müdafiə  sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə  “YAŞAT” Fondu yaradılmışdır. Hesab edirik ki, sosial işçilərin bu qurumlarla əməkdaşlığı, onların fəliyyətinə dəstək verməsi son dərəcə əhəmiyyətli olar.

 

Bildiyimiz kimi, bərpa və yenidənqurma prosesinin əsas hədəflərindən biri məcburi köçkünlərin öz yurd - yuvalarına qayıtmalarıdır. Qayıdışın səmərəli şəkildə təşkil olunmasından ötrü repatriasiya potensialını mümkün qədər dəqiq proqnozlaşdırmaq, bunun üçün isə məcburi köçkünlərin istək, niyyət və təkliflərini öyrənmək olduqca vacibdir. Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı  bu barədə qeyd etdi: “Mən bu yaxınlarda Prezident Administrasiyasına göstəriş verdim ki, köçkünlər arasında sorğular keçirilməlidir, onların niyyəti öyrənilməlidir ki, öz dədə-baba torpaqlarına getmək fikirləri var, yoxsa yox. Bizə bildirsinlər və buna görə öz bərpa işlərimizi həyata keçirməliyik. Mən tam əminəm ki, keçmiş köçkünlərin mütləq əksəriyyəti böyük həvəslə öz doğma torpaqlarına qayıdacaqlar. Buna nail olmaq üçün dövlət əlindən gələni əsirgəməyəcək”.Göründüyü kimi, prezident bu çıxışında məskunlaşma və Qarabağa böyük qaydışla bağlı ictimai rəyə böyük önəm verir,  bu istiqamətdə ictimai iştirakçılığı məqsədəuyğun sayır.Elə bu  məqsədlə dövlət başçısının sərəncamına uyğun olaraq müvafiq qurumlar məcburi köçkünlər arasında  sosioloji sorğular keçirməkdədir.

 

Məhz belə yanaşma bu qənaətə gəlməyə əsas verir ki, məskunlaşma həyata keçirilən zaman məcburi köçkünlərin istəkləri əsas götürülərək bütün yaşayış məskənləri abadlaşdırılaraq yurd sahiblərinin istifadəsinə veriləcəkdir. Hər bir insan öz yurdunda, uşaqlıq, gənclik xatirələrinin, kənd icma həyat tərzinin nostaljisi ilə öz ata-baba yurduna dönmək arzusundadır. Bu motivasiya Böyük Qayıdışda dərin sosial-psixoloji çəkiyə malikdir.Ona görə də məcburi köçkünlər arasında keçirilən sorğularda respondentlərin kifayət qədər böyük hissəsi məhz öz ata-baba yurdlarına qayıtmaq istədiklərini birmənalı şəkildə qeyd edirlər.

İşğaldan azad edilmiş ərazilərdə layiqlı əmək haqqı olan yeni iş yerlərlərinin, xüsusən də gənclərə uyğun iş yerlərinin yaradılması, onların sahibkarlıq fəaliyyəti ilə məşğul olmasının hərtərəfli təşviqləndirilməsinin işlək mexanizmi nəzərdə tutulur. Gənclərin sahibkarlıq fəaliyyəti və əmək məşğulluğu ilə bağlı genişmiqyaslı özünüməşğulluq layihələrinin həyata keçirilməsini  və bu işdə müvafiq beynəlxalq təşkilatların dəstəyindən, eləcə də beynəlxalq əməkdaşlığın genişləndirilməsi, onların beynəlxalq proqramlarda, layihələrdə iştirakının təmin olunması  planlaşdırılır.

 

Qısa müddət ərzində Qarabağ bölgəsinə bir neçə səfərin edilməsi göstərir ki, Azərbaycan prezidenti İlham Əliyevin Qarabağın dirçəldilməsinə, yenidən qurulmasına necə böyük diqqətlə və həssaslıqla yanaşır. Ən mühümü odur ki, Prezidentin hər səfəri yeni infrastruktur layihələrinin təməlinin qoyulması ilə, son dərəcə böyük tarixi əhəmiyyətə malik dövlət tədbirlərinin məhz işğaldan azad edilmiş əzəli və tarixi torpaqlarımızda keçirilməsi əlamətdardır.

 

İşğaldan azad olunmuş ərazilərə böyük qaydış prosesinə hər bir Azərbaycan vətəndaşının töhvə vermək imkanı vardır.Bu istiqamətdə sosial xidmət, sosial iş sferasında çalışan işçilərlə yanaşı, sosial iş və xidmət üzrə təhsil alan tələbələrin könüllü kimi fəaliyyət göstərmək üçün böyük potensialı vardır. İlk öncə öz yurdlarına qayıdacaq əhali arasında sosial iş aparmaq istiqamətində onların potensialından istifadə etmək məqsədəuyğun olardı. Sosial sahə mütəxəssisləri məskunlaşma ilə bağlı sosial təşəbbüslərlə çıxış etməli, müvafiq sosial layihələr təqdim etməlidirlər. Repatriasiya olunacaq əhali ilə, icmalarla sosial iş aparmaq, layiqli məskunlaşma üçün sosial layihələr təklif etmək, ağıllı şəhər, ağıllı kənd layihəsi üçün inklusiv tələblərə uyğun modellər təklif etmək, dinc, yanaşı yaşama üçün işğaldan azad rayonların əhalisi arasında sosial dialoq potensialını hərəkətə gətirmək, məşğulluq potensialını təqdim edəcək sosial xidmət sektoru üçün layihələrlə çıxış etmək  Azərbaycan sosial işçiləri qarşısında duran mühüm və şərəfli vəzifələrdəndir.

 

Bununla yanaşı, repatriasiya ediləcək vətəndaşların qayğıları ilə maraqlanmaq, onların məskunlaşma zamanı və yeni mühitə adaptasiyası gedişində qarşılaşa biləcəkləri sosietal  çətinlikləri aradan qaldırmasında yardım etmək məqsədilə işğaldan azad edilmiş ərazilərdə sosial xidmət, sosial iş və dost  mərkəzlərinin yaradılması məqsədəuyğundur.İşğaldan azad edilmiş ərazilərdə sosial işçilər tərəfindən məskunlaşmaşanı təşviq edən  sosial çarxların və digər sosial layihələrin işlənib hazırlanması, məskunlaşma zamanı əhalinin bütün demoqrafik  göstəricilər üzrə repatriyasiyasına nail olmaq üçün sosial işçilər tərəfindən innovativ layihələr, təşəbbüslərin hazırlanması da qeyd olunan gerçəkləşməsi zəruri və labüd vəzifələrdəndir. Ümidvarıq ki, konfrasda səslənən fikirlər, təklif və təşəbbüslər, bu formatda beynəlxalq təcrübənin bölüşülməsi postmüharibə dövründə sosial işçilərin fəaliyyətinin dəqiq yol xəritəsini müəyyənləşdirmək üçün faydalı olacaqdır.

 

İnanırıq ki, post müharibə dövründə sosial işçilər öz üzərlərinə düşən vəzifələrin öhdəsindən şərəflə gələcək və onların verəcəyi  töhfələr Azərbaycanda sosial iş tarixinin şanlı səhifələrindən biri kimi bizi qürurlandıracaqdır.  

 

Üzeyir Şəfiyev

Bakı Dövlət Universitetinin Sosial iş kafedrasının müdiri sosiologiya üzrə fəlsəfə doktoru, dosent

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?