Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Yeni Şəhər Gündəliyi (NUA) üzrə Nazirlər Görüşü – Bağlanış Sessiyası” baş tutur.
Modern.az xəbər verir ki, sessiyada Yeni Şəhər Gündəliyinin icrası istiqamətində siyasi öhdəliklərin daha da gücləndirilməsi, mənzil siyasətinin dayanıqlı şəhər inkişafının əsas prioritetlərindən biri kimi müəyyənləşdirilməsi və 2036-cı ilədək fəaliyyətin sürətləndirilməsinə xidmət edən yeni yanaşmalar ətrafında müzakirələr aparılır.
Belə ki, tədbirin yekunları sədrin nəticə sənədində öz əksini tapacaq. Həmin sənəd Yeni Şəhər Gündəliyi üzrə aralıq icmal prosesinə, 2026-cı ildə keçiriləcək Yüksək Səviyyəli Siyasi Forumun (HLPF 2026) müzakirələrinə, eləcə də WUF13-ün əsas nəticə sənədlərindən biri hesab olunan “Baku Call to Action” təşəbbüsünə töhfə verəcək.