Ermənistan hökumətinin mətbuat xidməti baş nazir Nikol Paşinyanın noyabrın 26-da Soçidə Rusiya prezidenti Vladimir Putin və Azərbaycan lideri İlham Əliyevlə üçtərəfli görüşdə iştirakı ilə bağlı məlumatı təsdiqləyib.
Modern.az xəbər verir ki, rəsmi İrəvan Ermənistan, Rusiya və Azərbaycan başçılarının üçtərəfli görüşündən əlavə, Nikol Paşinyan və Vladimir Putin arasında ayrıca görüşün də olacağını da qeyd edib.
Xatırladaq ki, bu gün Kremlin mətbuat xidməti Rusiya prezidenti Vladimir Putin, Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev arasında üçtərəfli bəyanatın imzalanmasının ildönümünə həsr olunmuş üçtərəfli danışıqların noyabrın 26-da Soçidə baş tutacağını bildirib. Danışıqlar Putinin təşəbbüsü ilə aparılacaq.
Üç ölkə liderinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli sazişlərinin icrasına baxılması, o cümlədən regionda sabitliyin möhkəmləndirilməsi və dinc həyatın bərqərar olması üçün gələcək addımların müəyyənləşdirilməsi planlaşdırılır. Danışıqlarda ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına və inkişafına xüsusi diqqət yetiriləcək.
A.Qorxmaz