Laçın rayonunun işğaldan azad edilməsi Azərbaycan Ordusunun Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün ərzində həyata keçirdiyi və qələbəmizlə nəticələnən əks-hücum əməliyyatlarının bölgədə yaratdığı yeni reallıqların və Ermənistanın acı məğlubiyyətinin, kapitulyasiyasının nəticəsi idi.
Bu sözləri Modern.az-a açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.
Laçının ölkəmiz üçün mühüm strateji əhəmiyyətinə diqqət çəkən millət qeyd edib ki, 1992-ci il mayın 18-də Ermənistanın silahlı birləşmələri tərəfindən rayonun işğal edilməsi, Şuşadan sonra Birinci Qarabağ müharibəsinin taleyini həll edən əsas faktorlardan biridir: “Məhz Laçının işğalından sonra Ermənistanla separatizm və terrorizmin baş qaldırdığı Azərbaycan torpaqları arasındakı ərazilər tamamilə nəzarətsiz qaldı və bu amil də işğalın genişlənməsinə və ölkə ərazisinin 20%-ni əhatə etməsinə zəmin yaratdı”.
Azər Kərimli bildirib ki, Laçının işğal altında olduğu zaman kəsiyində Ermənistan,təkcə rayonun təbii resurslarını talan etməklə kifayətlənməyib, Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, rayonun coğrafi adların dəyişdirilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərlə məşğul olub:
“Laçın rayonun ərazisi 27 il ərzində narkotiklərin qanunsuz dövriyyəsi üçün istifadə olunub, qlobal cinayətkar şəbəkələr üçün qanundankənar zona funksiyasını yerinə yetirib”.
Millət vəkilinin sözlərinə görə, Laçın rayonu ərazisində aparılan sürətli inşaat işləri, yeni və fərqli təyinatlı infrastruktur layihələrinin həyata keçirilməsi istiqamətinə atılan addımlar sözügedən yaşayış məntəqəsinin əhəmiyyətini daha da artıracaq: “Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın hava limanı logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək, bölgənin inkişafında önəmli rol oynayacaqdır”.