BU YOL QƏLBİMİZDƏN KEÇİR...
AMMA NƏ QƏDƏR Kİ, NƏFSİMİZİN ƏSİRİYİK, QARABAĞ DA KAFİR ƏSİRLİYİNDƏ QALACAQ...
Bu dünyanın dilənçisindən, fəhləsindən nazirinə, prezidentinədək hər bir kəsin nəfsi, tamahı var. Ətrafdakı hər bir şeyi, hadisəni də nəfsimizin süzgəcindən keçirib dəyərləndiririk... Bu günlərdə yasını saxladığımuz Kərbəla faciəsinin mahiyyətini də bizlərə anladan nəfsimizdi... Dünyagir nəfs deyir ki, bu, sadəcə, 14 əsr öncə ərəb tayfalarının hakimiyyət davası idi, bunun bizə, bu günümüzə heç bir dəxli yoxdur... Amma imana, vicdana tabe olan nəfs Kərbəlanı Peyğəmbərimizin(s) nəvəsi İmam Hüseyn əleyhissəlamın Allah yolunda, haqq uğrunda, İslamın yaşamı uğrunda savaşı kimi dəyərləndirir. Və bədəni oxlanmış, qılıncla doğranmış, başı kəsilmiş İmamı(ə) və onun oxşar aqibəti yaşamış azsaylı tərəfdarlarını məğlub yox, qalib hesab edir... Fəqət, dünyagir nəfsə malik məxluqlar İmamı(ə) da, silahdaşlarını da ağılsız sanaraq düşünürlər:”Ağılları yox imiş, Yezidə baş əyib vəzifədən-zaddan alıb xan kefində yaşaya bilmirdilər?.. Hökumətlə hökumətlik etmək olmaz!..” Bu sayaq düşünənlər bu gün də, sabah da Yezid(lən.) tərəfdarı olaraq qalacaqdır... Belələri indi də haqq uğrunda, hüquqları uğrunda, korrupsiyaya qarşı, yaxud Qarabağın azadlığı uğrunda heç bir mübarizəyə qatılmayacaq. Qatılsa da, münafiq kimi, şəxsi mənfəət xatirinə qatılacaq: yalandan hay-küy edə-edə, orda-burda gizlənə-gizlənə... Belələri bərk ayaqda özü də rüşvətxor olub korrupsionerin, hətta erməninin də qucağına oturacaq... Nə yazıqlar ki, bu günlər Qarabağ, demokratiya, azadlıq şüarları altında özünə karyera quran, akademik, professor, xalq şairi, xalq yazıçısı olan, vəzifə kürsüsü, deputat mandatı alanlar, yaxud sionist, kafir əcnəbilərin qrantları hesabına “müxalifət” cildinə girib mübarizə meydanlarını tutanlar xalqın potensial enerjisini düşmən “dəyirmanlarını” işlətməyə yönəldirlər...
Amma bir yol var ki, o, azlıqda olan həqiqi haqq mübarizlərinin qəlbindən keçir... Bu, Bədr şəhidliyindən, Kərbəla şəhidliyindən, 20 Yanvar şəhidliyindən, 31 Mart, Xocalı müsibətlərindən Şuşaya, Laçına, Kəlbəcərə, Ağdama, Füzuliyə, Cəbrayıla... gedən yoldu... Bu yol İmam Hüseyn(ə) yoludu, bu yol Muxtar Səqəfi yoludu, bu yol Əlif Hacıyev, Şirin Mirzəyev, Çingiz Mustafayev, Ramiz Qəmbərov, Tofiq Oğuz, İsrafil Şahverdiyev, Mübariz İbrahimov yoludu...
Bu yolu getmək istəyən kəs ilk növbədə öz nəfsinə qalib gəlməlidir...
İmam Hüseyn(ə) və tərəfdarları nəfslərinə qalib olmasaydılar, Kərbəla çölündə günlərlə ac-susuz, düşmənlə üz-üzə duruş gətirib sonda da şəhid olaraq dünya tarixində qəhrəman kimi yaşardılarmı? Əsla yox. Onlar da dünyagir nəfsin köləsi olsaydılar, Yezidə beyət edər, baş əyər, ən azı, qaçmağa çalışardılar...
Söhbət yalnız silahlı savaşdan getmir. İslam düşmənlərinin təbliğatı nəticəsində “cihad” adı gələndə əksəriyyət savaş haqqında, dinc insanları qətlə yetirən “islam terrorçuları” haqqında düşünür. Əslində isə əsl insanın, əsl müsəlmanın həyatı başdan-başa cihaddan ibarətdir: dünya istəkləri ilə, nəfsi ilə və şeytanxislətlilərlə cihaddan... “Cihad” ərəbcə “cəhd” sözündən düzəlib. Əslində bu imtahan dünyasında Allah yolunda, Allah xatirinə deyilən hər söz, atılan hər addım, görülən hər iş böyük bir cihaddır... Peyğəmbərimizin(s) də buyurduğu kimi, ən böyük cihad nəfslə cihaddır...
Bu ölkənin iqtidarı, müxalifəti həqiqətən öz xalqını sevirsə, əlbir olub bu xalqın azadlığı, firavanlığı, bu dövlətin ərazi bütövlüyü uğrunda hər an canından keçməyə hazır olan nəfs mücahidləri yetişdirməlidir.
Prezident İlham Əliyev YAP-ın 20 illiyi ilə bağlı çıxışında Azərbaycanın əsas düşmənlərindən biri kimi islamofobiya xəstəliyinə düçar olmuş qurum və dairələri göstərir. Sitat:”Gənc, dinamik inkişaf edən, heç kimdən asılı olmayan, müstəqil siyasət aparan, müasir müsəlman ölkəsi Azərbaycan onlar üçün problemə çevrilib...” Ölkə başçısı bəyan edir ki, biz heç kimdən asılı olmayan(!), müstəqil(!), müasir müsəlman(!) ölkəsiyik... Bəs elə isə iki əsas problemimizin həllinə: Qarabağın azad edilməsi və korrupsiyanın, rüşvətxorluğun kökünün kəsilməsinə nə mane olur? Sözsüz ki, burada birinci böyük maneə nəfsimizdir. Sovet imperiyasının köləliyindən qurtulub müstəqil dövlət qursaq da, bu gün biz daha məkrli, daha güclü bir imperiyanın köləsi olmuşuq – nəfs imperiyasının... Etiraf edək ki, çoxumuz nəfsimizin əsiriyik... Əksəriyyətimiz pul, vəzifə, ev, maşın və s. müvəqqəti dünya vasitələrini əldə etmək üçün halalı harama qatmağa və çox dəyərlərimizi satmağa hazırıq...Özü də belə iyrənc nəfs varlıda da var, yoxsulda da... Hazırkı nazirlərin, başçıların zülmündən, rüşvətxorluğundan gileylənən elə kasıb var ki, onu həmin vəzifələrə qoysan, daha betər olar... Hər hansı bir problemin həllində gərək olan birliyimizi parçalayan da nəfsimizdir... Yaşlı və orta nəsil nümayəndələrinin 1988-ci ilin Meydan Hərəkatı zamanındakı birliyimiz yaxşı yadındadır... Ermənilərin Şuşada bir neçə ağacı kəsməsinin hayına Azadlıq meydanına bir milyona yaxın soydaşımız toplanmışdı... Bəs bu gün?.. Şuşa da əlimizdən alınıb, Laçın da, Kəlbəcər də, Ağdam da, Füzuli də, Cəbrayıl da, Qubadlı da, Zəngilan da... Bəs hanı o yüz minlər?!. O zaman SSRİ-nin çökmə ərəfəsində işsiz-gücsüz olanlar da çox idi... Bu günkü qədər başqatma vasitəsi yox idi... Hələ alver məmləkəti başına almamışdı... Əksərən marağa toplaşan xalq kütlələri birinə imperiyanıi yıxmaq, digərinə hakimiyyətə gəlmək üçün lazım idi... İstifadə etdilər, sonra başladılar parçalamağa... Çoxu əvvəldən “KQB”-yə xidmət edən “liderlər”in hərəsinə bir partiya yaradıb verdilər, xaricdən də qrant “krantlar”ını açıb tədricən yüksək şərait yaratdılar hamısına... Sadə insanların da bir qismini küyləyib 20 Yanvarda, Qarabağda şəhid etdilər, qalan əksəriyyətin də başını alverlə, konsertlə, şou iə, seriyalla, loto ilə və s. qatıb torpaqları da unutdurdular, türkçülüyü də, azadlığı da...
Kərbəla şəhidləri də oxşar yolla təkləndi... Əvvəlcə İmama(ə) Kufədən on minlərlə dəvət məktubu gəldi... Ancaq sonra Yezid, İbn Ziyad kimi vələdüzzinalar birini qızıl, birini vəzifə, digərini qorxu ilə ələ alıb İmam(ə.s.) tərəfdarlarını parçaladılar... Və bu minvalla sonda seyyidüş-şühədanın(seyyidlər ağası) yanında cəmi 72 mücahid qaldı... Bax budur nəfsin dünyəvi gücü...
Bu gün əksəriyyət rüşvətxorluqdan şikayətlənir, di gəl ki, məqamı gələndə öz işini aşırmaq, vəzifəyə getmək üçün hardan olsa, oğurluqla, kələklə, sələmlə rüşvət topalayıb verir və sabah özü həmin o şikayət etdiyi rüşvətxordan betər olur... Amma müasir müsəlman(!) ölkəsində
rüşvətin də kökü kəsilməlidir, sələmin də... Müasir müsəlman ölkəsində telekanallarda və küçələrdə mənəviyyatsızlığın, zinakarlığın, geyliyin və s. təbliğatına, spirtli içkilərin reklamına yol verilməməlidir... Orta və ali məktəblərdə, hərbi hissələrdə namaz qılanlar, hicab geyənlər təzyiqlərə məruz qalmamalıdır... Müasir müsəlman ölkəsində vəzifə, deputat kürsülərində mümkün qədər imanlı, nəfsi tox insanlar əyləşməlidir, zabit, general paqonlarını Mübariz İbrahimov ruhlu mücahidlər daşımalıdır... Kimsə ölkəmizdə İran, yaxud Səudiyyə Ərəbistanı modeli qurulmasını təklif etdiyimi zənn edə bilər. Xeyr. Biz İslamı zahiri göstəri, reklam xatirinə, sözdə deyil, qəlbimizdə və əməlimizdə yaşamalıyıq... Bunun üçün biz “gənc, dinamik inkişaf edən, heç kimdən asılı olmayan, müstəqil siyasət aparan, müasir müsəlman ölkəsi”(İ.Əliyev) kimi problemlərimizin qısa müddətdə həllinə nail olmaq naminə imanlı, vicdanlı insanlarımızı toplayıb nəfs mücahidləri yetişdirməliyik... Bunu etməliyik ki, ilk növbədə bu xalqı nəfs əsirliyindən azad edək, sonra da torpaqlarımızı düşmən tapdağından... Kiməsə bu, qeyri-mümkün olan xəyal kimi görünə bilər. Ancaq niyə mümkün olmasın? İqtidarın da, “müxalifət” adlanan qurumların da əlindən kifayət qədər paralar gəlib-keçir... Mənasız mitinq və piketlərə, konsertlərə, şoulara, şəhər və bölgələrin kosmetik bəzək-düzəyinə xərclədiyimizi imanlı, kamil gənclər yetişdirməyə yönəldə bilmərikmi? Niyə əcnəbi dövlətlər yüz illərdir xristian, yəhudi, buddist emissarlar, missionerlər yetişdirib bütün müsəlman, türk ölkələrinə yaymaqla, müsəlman geyimli və görkəmli agentləri dövlət qurumlarımıza yerləşdirməklə bizləri parçalaya, torpaqlarımızı mərhələ-mərhələ işğal etdirə bilir, ancaq biz əlimizdə imkan varkən buna adekvat tədbirlər görə bilmirik? Nəyimiz çatmır? Ağlımızmı, elmimizmi, paramızmı, texnoloji imkanlarımızmı? Hər şeyimiz var. Sadəcə istək və qeyrət gərəkdi... Bu gün İslamdan xəbərsiz, elmsiz, savadsız, amma kifayət qədər fiziki gücə, enerjiyə, həm də həlim qəlbə malik gənclərimizi ya qondarma xristian, yəhudi dininə bağlı missioner təşkilatlar təsir altına alır, ya da kafir və sionistlərin yaradıb maliyyələşdirdiyi “İslam” adı ilə maskalanmış terrorçu qruplar ələ keçirib onlardan dinc insanları qətlə yetirən saxta “mücahidlər” yetişdirir... Həmin gənclər həm də işsizlik, maddi çətinlik ucbatından aldanaraq bu cür təşkilatlara qoşulurılar. Nəticədə neçə-neçə gəncimiz qərib yurdlarda mənasız savaşların qurbanı olur. Bu gün çayxanalarda, internet-klublarda, barlarda, bazarlarda, Rusiyanın, Qazaxıstanın çöllərində on minlərlə potensial Qarabağ savaşçısı, nəfs mücahidi sözün əsl mənasında tələf olur... Olmazmı ki, biz özümüz belə gəncləri cəm edib Allaha, xalqa, vətənə, dövlətçiliyə sadiq əsl mübarizlər yetişdirək...
Keçmişimizdə və bu günümüzdə, digər ölkələrin tarixində çoxlu örnəklər var. Xətayidən danışırıq, yazırıq... Xətayi vahid Azərbaycan dövlətini həm öz dahiliyi, həm də on illərlə yetişdirilmiş səfəvi, qızılbaş müridlərinin mücadiləsi hesabına qurmadımı? Bəlkə də Xətayinin zamanında Azərbaycanın indiki kimi neft istehsal edib satmaq imkanı olsaydı, bu qüdrətli müsəlman-türk fatehi dünyanın yarısını, Avropanı belə təsir altına alardı... Bu gün nurçuluğun Amerika islamçıları olduğu barədə söylənilənlərə rəgmən Türkiyədə ən böyük islami hərəkat olan bu cərəyan dünyanın neçə-neçə ölkəsində təhsil, mədəniyyət və s. şəbəkələr qurur və məhz İslamın yüksək dəyərlərinə söykənərək sivil üsullarla insanların qəlbinə yol tapır, on minlərlə savadlı müsəlman yetişdirir... Ölkəmizdə də minlərlə gənc bu hərəkatın təsiri altındadır...
Özümüz öz gəncliyimizə, öz beynimizə sahib durmalıyıq. Azərbaycanda dinimizi, tariximizi, adət-ənənələrimizi, ölkə və dünya tarixini gözəl bilən onlarla mütəxəssis, alim var. Onlardan ibarət xüsusi məktəblər yaradıb bir neçə ilə azı 10 min mücahid yetişdirmək olar. Təsəvvür edin ki, hər il minlərlə imanlı, savadlı gənc nazirliklərdə, icra hakimiyyətlərində, hüquq-mühafizə, təhlükəsizlik orqanlarında və orduda vəzifələrə yiyələnir... Onlar heç kəsdən rüşvət almır və heç kəsə “hesab” vermirlər. Çalışdıqları hər bir sahədə müsəlmanlığı, milliliyi və müasirliyi təbliğ edirlər... Başda prezident olmaqla dövlət də onların arxasında durur... Belə kadrlarla tezliklə həm xalqı nəfs köləliyindən – korrupsiyadan, sələmçilikdən, oğurluqdan azad edərik, həm də torpaqlarımızı ermənilərdən... Hamımız gözəl bilirik ki, ABŞ-ın, Rusiyanın, AŞ-in, ATƏT-in, BMT-nin təşkil etdiyi görüşlərə, tədbirlərə, gediş-gəlişlərə sərf edilən vaxt və enerji boşunadır...
Beləliklə, Kərbəladan, İmam Hüseyn(ə) şəhadətindən başlanan yol bizi Şuşaya – Qarabağa, hələ İrəvana, Təbrizə də apara bilər, bu şərtlə ki, qəlbimizdə nəfsin imanımıza, mənliyimizə qalib gəlməsinə imkan verməyək, əksinə, işimizdəki Yezidi(lən) məhv edək...
Allah-təala Qurani-Kərimdə buyurur:
“...Fani dünyanın bər-bəzəyini arzu edib nəzərlərini onlardan(yoxsul möminlərdən) çevirmə. Qəlbini Bizi (Quranı) xatırlamaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və hər işində ifrata varan bir kimsəyə itaət etmə!..” (Kəhf, 28)
“Nəfsini günahlardan təmizləyən mütləq nicat tapacaqdır!..”(Şəms, 9)