Modern.az

“Telegram”da vətəndaşları şantaj edən adminlər SAXLANILDI

“Telegram”da vətəndaşları şantaj edən adminlər SAXLANILDI

Aktual

9 Dekabr 2021, 17:34

Son dövrlərdə Daxili İşlər Nazirliyinə (DİN) teleqram sosial şəbəkəsində kanallar yaradaraq müxtəlif yaş kateqoriyasına aid insanların şəxsi həyatları ilə bağlı video və fotoların paylaşılması, sonradan şantaj edilərək silinməsi müqabilində pul tələb edilməsi barədə müraciətlər daxil olur. Bu məlumatlar hərtərəfli araşdırılıb və təhlil edilib. Araşdırma zamanı şantaj video və fotolarının həmin kanalların adminləri tərəfindən müxtəlif yollarla ələ keçirildiyi məlum olub.

 

DİN-in mətbuat xidmətindən Modern.az-a ildirilib ki, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-texniki tədbirləri nəticəsində teleqram sosial şəbəkəsində həmin kanalların adminləri - paytaxt sakinləri Pərviz Qurbanov, Faiq Səfərəliyev və yetkinlik yaşına çatmayan daha bir nəfər saxlanılıblar. Onlar ifadələrində idarə etdikləri teleqram kanallarında paylaşdıqları şəkillərlə insanları şantaj etdiklərini və pul müqabilində həmin məlumatları sildiklərini etiraf ediblər.

 

Həmin şəxslər barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Faiq Səfərəliyev barəsində məhkəmənin qərarı ilə dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib. Digər iki nəfər barəsində isə araşdırmalar davam etdirilir.

 

Göstərilən faktların hərtərəfli araşdırılması, həmçinin teleqram sosial şəbəkəsində Azərbaycan seqmentində şəxsi həyatla bağlı foto və videolarla insanları şantaj edən digər kanalların adminlərinin müəyyən olunması istiqamətində əməliyyat-texniki tədbirləri davam etdirilir.

 

Daxili İşlər Nazirliyi bütün bunları nəzərə alaraq vətəndaşları, o cümlədən sosial şəbəkə istifadəçilərini diqqətli olmağı, şəxsi fotolarını və məlumatlarını mümkün qədər sosial şəbəkələrdə paylaşmamağı və tanımadıqları şəxslərə göndərməməyi tövsiyə edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı