Ötən gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin Ermənistanla münasibətlərinin normallaşması çərçivəsində bir sıra addımların atılacağını deyib. Hətta Ermənistanla münasibətlərin normallaşdırılması addımları çərçivəsində ikitərəfli nümayəndələr təyin olunacağını qeyd edib.
Ermənistan isə Türkiyə ilə münasibətlərin normallaşması prosesinə ilkin şərtlər olmadan başlamağa hazır olduğunu deyib.
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Modern.az-a açıqlamasında bildirib ki, qardaş ölkə Azərbaycanla birlikdə Ermənistanla münasibətləri normallaşdırmaq niyyətindədir:
“Türkiyə və Ermənistan əlaqələrin qurulması üçün təmsilçi təyin edəcək. Bildiyimiz qədəriylə Ermənistan tərəfi təmsilçisini artıq təyin edib. Biz də bunu Azərbaycan ilə danışaraq ikitərəfli əlaqələr üçün bir təmsilçi seçəcəyik. Burada Türkiyə və Ermənistan arasında region, iqtisadiyyat məsələsi müzakirə olunacaq. Bundan başqa əsas məsələ Zəngəzur dəhlizinin açılması olacaq. Bu barışın nəticəsində dəhlizin açılmasını son dərəcə vacib bilirik. Yəni gəldiyimiz nöqtə budur ki, Türkiyə və Azərbaycan bölgədə sülhün təmsilçisi olacaq. Artıq bu bölgədə göz yaşı olmayacaq, iqtisadiyyat canlanacaq.
Bir müddət əvvəl prezidentlərin çağırışı olmuşdu. Bu, regionda “3+3” formatının yaranması ilə bağlı idi. Üç gün əvvəl Türkiyə, Azərbaycan, Rusiya, Ermənistan, İran nümayəndələri görüş keçirib. Artıq Qafqazda barış, dostluq hökm sürəcək. Hər kəsin üzərinə düşəni etməsi lazımdır. Bilirik ki, Türkiyə və Azərbaycan ortaq plan üzərində hərəkət edirlər. Son toplantıda bizim aldığımız məlumatlara görə Türkiyə, Azərbaycan, Ermənistan nümayəndələri bir araya gəlib. Amma Gürcüstan bu məsələyə hələ daxil olmayıb. Bizim arzumuz Gürcüstanın da daxil olmasıdır”.
Ş.Ayrım Türkiyə və Ermənistan arasında sərhədlərin açılması məsələsinə də aydınlıq gətirib:
“Bununla bağlı görüşmələr olacaq. Önəmli olan Azərbaycanın istəyidir. Azərbaycanın istədiyi kimi Ermənistanla münasibətlərimizi davam etdirəcəyik. Dialoq şəkilində bu məsələ həll oluna bilər. Biz Türkiyə olaraq uzun müddət sərhədlərin bağlı qalmasını istəmirik. Əlbəttə ki, qarşılıqlı şərtlər ödəndikdən sonra quru və hava yolları açılacaq. Ermənistan bizim qonşumuz olan ölkədir. Amma Ermənistanın da ayağını düzgün atması lazımdır”.