Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən üçtərəfli görüşün nəticəsi olaraq qəbul edilmiş bəyanatdan da göründüyü kimi, istər görüş, istərsə də sənəddə yer almış müddəalar tam şəkildə Azərbaycanın maraqlarına cavab verir.
Modern.az xəbər verir ki, bunu İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyinin sədri Vüsalə Hüseynli deyib.
O bildirib ki, bəyanatda daxil olan müddəalar arasında "Zəngəzur dəhlizi"ndə hərəkət rejiminin faktiki olaraq “Laçın dəhlizi” ilə eyni olması artıq Azərbayanın mövqeyinin təmin olunmasına işarə edir:
“Avropa İttifaqı Şurasının prezidenti Ermənistan və Azərbaycan arasındakı münaqişə irsinin aradan qaldırılmasına çağırış edib. Bu o deməkdir ki, Azərbaycanın dediyi kimi, münaqişə artıq keçmişdə qalıb və gələcəyə baxmaq lazımdır. Digər bir məqam isə bəyanatda Cənubi Qafqazda sülhün təmin edilməsi üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına çağırışla bağlıdır. Bu, Avropa İttifaqı tərəfindən Azərbaycanın təklif etdiyi sülh müqaviləsinə dəstək kimi qəbul edilməlidir. Bilirsiniz ki, Soçi görüşü öncəsi Paşinyan komandası tam şəkildə Brüssel görüşünə fokuslanmişdı. Çünki onların bu görüşdən gözləntiləri başqa idi. Ancaq görüşdən sonra verilən açıqlama və qəbul edilən sənəd onu göstərir ki, reallıq başqa görüntünü sərgiləyib. Elə Paşinyanın üzündəki ifadədə görüşə İlham Əliyevin diqtə etdiyini göstərirdi”.
V.Hüseynlinin sözlərinə görə, bəyanatdakı daha bir mühüm məqam o oldu ki, ilk dəfə olaraq Aİ-nin gündəliyinə itkin düşmüş şəxslər mövzusu salınıb və onların taleyinə aydınlıq gətirilməsinin zəruriliyi qeyd olunub.
“Bu, olduqca vacibdir, məqamdır. Çünki birinci Qarabağ Müharibəsi zamanı Azərbaycan tərəfindən itkin düşmüş 4 mindən artıq şəxsin taleyi bugünə kimi məlum deyil”.
QHT sədrinin sözlərinə görə, bəyanatda bir sıra məqamların, o cümlədən, humanitar minatəmizləmə səylərinə dəstəyin ifadə edilməsi də var ki, bu da Aİ-nin Azərbaycana dəstək veriləcəyini özündə ehtiva edir.
“Eyni zamanda, Aİ-nin münaqişədən əziyyət çəkən insanlara, xüsusilə rebilitasiya və rekonstruksiya fəaliyyətinə dəstək verəcəyi qeyd olunur ki, bu da olduqca müsbət məqamdır, Azərbaycanın azad olunmuş ərazilərdə həyata keçirdiyi reabilitasiya və rekonstruksiya işlərində Aİ-nin iştirakı arzuolunandır.
Gördüyünüz kimi, bütün proses boyu aparılan danışıqlarda və qəbul edilmiş sənədlərdə bir kəlmə də olsa ATƏT-in Minsk qrupunun adı səsləndirilmədi. Bu isə həmin qrumun fəaliyyətinin yararsız olmasına işarə edir. Artıq tərəflər özləri də anlayır ki, yeni dönəmdə, ATƏT-in fəaliyyətinə ehtiyac yoxdur. Hazırda region üçün zəruri format “3+3” formatıdır ki, bu variantın fəaliyyəti bölgə dövlərlərində qarşılıqlı dialoq strategiyasının qurulmasına şərait yaradacaq”.