Modern.az

WUF13-ün dördüncü günü start götürüb: nələr olacaq?

WUF13-ün dördüncü günü start götürüb: nələr olacaq?

Ölkə

Bu gün, 09:17

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) dördüncü günü start götürüb.

Modern.az xəbər verir ki, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən forumun dördüncü günündə şəhərsalma, iqlim dəyişiklikləri, inklüziv şəhər inkişafı və sosial dayanıqlılıqla bağlı müxtəlif müzakirələr aparılacaq.

Günün proqramında qeyri-rəsmi yaşayış məntəqələri və gecəqonduların transformasiyası, iqlim və mənzil münasibətləri, şəhərlərin inkişaf perspektivləri, şəhər iqtisadiyyatı və sosial inklüzivlik əsas mövzular sırasında yer alır.

Forum çərçivəsində “Qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası”, “İqlim-mənzil əlaqəsi”, “SPECA Şəhərlər Forumu”, “Housing Practice Azerbaijan” və “IDEA Forum – Təmiz hava” tədbirlərinin keçirilməsi nəzərdə tutulub.

Bununla yanaşı, biznes və şəhər inkişaf, yaşlı şəxslərin şəhər həyatında rolu, əlilliyi olan şəxslərin şəhər mühitinə inteqrasiyası, həmçinin parlamentarilərin şəhərsalma prosesində iştirakı ilə bağlı dəyirmi masa müzakirələri təşkil olunacaq.

Dördüncü günün proqramında “Şəhərlər oyun meydanı kimi”, “Mədəni irsin yenidən düşünülməsi və inklüziv urban regenerasiya”, “Tullantıların idarə olunmasının dairəvi iqtisadiyyata doğru inkişafı” və “Urban iqlim irsinin inkişafı” mövzularında xüsusi sessiyalar da yer alıb.

Sessiyalarda şəhərlərin gələcək inkişafında ekoloji dayanıqlılıq, mədəni irsin qorunması, inklüziv urban siyasətlər və dairəvi iqtisadiyyat modellərinin rolu müzakirə ediləcək.

Qeyd edək ki, forumun əvvəlki günlərində qlobal mənzil böhranı, dayanıqlı şəhər inkişafı, rəqəmsal urban həllər, iqlim maliyyəsi, təhlükəsiz və inklüziv şəhərlər, eləcə də müharibədən zərər görmüş ərazilərin bərpası ilə bağlı müzakirələr aparılıb.

WUF13 çərçivəsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən yenidənqurma layihələri, “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji zonası” konsepsiyaları da beynəlxalq iştirakçılara təqdim olunur.

Məlumat üçün bildirək ki, mayın 17-22 tarixlərini əhatə edən WUF13 BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə Bakıda keçirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı