Rusiyanın Stavropol diyarı və Nijni Novqorod vilayətində yerləşən iri sənaye obyektləri Ukrayna pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
Modern.az xəbər verir ki, hücumlardan biri Stavropol diyarının Nevinnomıssk şəhərinin sənaye zonasına edilib. Bölgə qubernatoru Vladimir Vladimirovun sözlərinə görə, ilkin məlumata əsasən, xəsarət alan və ciddi dağıntı yoxdur. Bununla belə, sosial şəbəkələrdə yayılan görüntülərdə sənaye zonasında yanğının baş verdiyi görünür.
“Astra” nəşrinin məlumatına görə, yanğın “Azot” kimya kombinatının ərazisində qeydə alınıb. “Reuters” agentliyi yazır ki, müəssisə 2022–2024-cü illərdə partlayıcı maddələrin istehsalında istifadə olunan xammal tədarük edib. Bildirilir ki, zavod müharibə başlayandan bəri artıq yeddi dəfə hücuma məruz qalıb.
Digər hücum isə Nijni Novqorod vilayətinin Kstovo şəhərində qeydə alınıb. Rəsmi qurumlar hadisə barədə açıqlama verməsə də, yerli sakinlər sosial şəbəkələrdə dronların uçuşu və sənaye obyektində baş verən yanğınla bağlı görüntülər paylaşıblar.
Ukraynanın “Exilenova+” monitorinq layihəsinin təhlilinə əsasən, hücumun hədəfi Rusiyanın ən böyük neft emalı müəssisələrindən biri olan “Nijegorodnefteorqsintez” neft emalı zavodu olub. “Lukoyl” şirkətinə məxsus zavod ölkədə emal həcminə görə dördüncü, benzin istehsalına görə isə ikinci yerdədir.
Məlumata görə, müəssisə ildə milyonlarla ton benzin, dizel yanacağı, mazut və yol bitumu istehsal etmək gücünə malikdir. Reuters daha əvvəl zavodun 5 aprel dron hücumundan sonra fəaliyyətini müvəqqəti dayandırdığını yazmışdı.