ABŞ Prezidenti Donald Tramp administrasiyası NATO müttəfiqlərinə Vaşinqtonun alyans ölkələrinə mümkün hücum zamanı yardım üçün ayıra biləcəyi hərbi qüvvə ehtiyatını azaltmaq niyyətində olduğunu bildirəcək.
Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi üç məlumatlı mənbəyə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, Pentaqon nümayəndəsi bu qərarı mayın 22-də Brüsseldə keçiriləcək NATO müdafiə nazirlərinin görüşündə açıqlamağa hazırlaşır. Bildirilir ki, qərar Donald Trampın Avropa ölkələrinin öz təhlükəsizliklərinə daha çox vəsait ayırmalı olduqları barədə çoxsaylı açıqlamalarından sonra formalaşıb.
Hazırda NATO çərçivəsində tətbiq olunan modelə əsasən, alyansa üzv ölkələr münaqişə və ya böyük böhran zamanı istifadə oluna biləcək hərbi ehtiyat qüvvələrini müəyyən edir. Bu qüvvələrin sayı və tərkibi məxfi saxlanılır. “Reuters”in məlumatına görə, ABŞ həmin ehtiyatı əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırır.
Pentaqonun siyasət şöbəsinin rəhbəri Elbric Kolbi bildirib ki, Avropalı müttəfiqlər adi silahlı qüvvələrin istifadəsində əsas rolu öz üzərlərinə götürəcəklər. ABŞ isə NATO müttəfiqlərinin müdafiəsi üçün nüvə arsenalından istifadə imkanını saxlayacaq.