“Rusiya ilə Çin arasındakı münasibətlər misli görünməmiş yüksək səviyyəyə yüksəlib və əsl tərəfdaşlığın nümunəsini təşkil edir”.
Modern.az TASS-a istinadən xəbər verir ki, bu bəyanatı Rusiya prezidenti Vladimir Putin Çin Xalq Respublikasının sədri Si Cinpin ilə danışıqlar zamanı səsləndirib.
Çin lideri isə öz növbəsində qeyd edib ki, Moskva ilə Pekin arasındakı münasibətlərin səviyyəsi strateji əməkdaşlıqdan irəli gəlir.
Mayın 20-si səhər saatlarında Putin və Si Pekindəki Xalq Nümayəndələri Evində məhdud tərkibdə danışıqlara başlayıblar. Rusiya prezidenti bildirib ki, ölkələr vizasız rejim praktikasını davam etdirəcəklər. O həmçinin qeyd edib ki, son 25 ildə Rusiya ilə Çin arasındakı ticarət dövriyyəsi 30 dəfədən çox artıb. Ticarət dövriyyəsi artıq bir neçə ildir ki, 200 milyard dolları keçir.
Çinin “Sinxua” agentliyi xəbər verib ki, Rusiya və Çin mehriban qonşuluq, dostluq və əməkdaşlıq haqqında müqavilənin müddətini uzatmaq barədə razılığa gəliblər.
Mayın 19-da Rusiya prezidenti iki günlük rəsmi səfərlə Çinə gedib. Nümayəndə heyətinə beş baş nazir müavini, səkkiz nazir - o cümlədən xarici işlər naziri Sergey Lavrov, həmçinin Mərkəzi Bankın, “Rosatom”un və “Roskosmos”un rəhbərləri daxil olub. Səfərin yekununda 40 ikitərəfli sənədin imzalanması planlaşdırılır.