Rusiya sülhməramlı kontingentinin hərbçiləri son sutka ərzində müşahidə məntəqələri və Laçın dəhlizi vasitəsilə 400-dən çox texnikanın Qarabağa və geriyə təhlükəsiz keçidini təmin ediblər.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən verilən məlumatda bildirilib.
“Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqələrində biz atəşkəs rejiminin saxlanmasına nəzarət edirik və nəzarət-buraxılış məntəqəsi rejimini həyata keçiririk. Hər bir avtomobil texniki baxışdan keçir və zərurət yaranarsa, biz sürücüdən avtomobilin salonuna baxış keçirmək üçün maşından düşməsini xahiş edirik”, - Rusiya sülhməramlı kontingentinin sözçüsü İvan Padalka bildirib.
Rusiya sülhməramlı qüvvələrinin 27 müşahidə məntəqəsi Qarabağdakı bütün təmas xətti boyunca və Laçın dəhlizində yerləşir.
“Rusiya sülhməramlıları vəziyyətin gecə-gündüz monitorinqini və atəşkəs rejiminə riayət olunmasına nəzarəti, həmçinin Laçın dəhlizi ilə nəqliyyat vasitələrinin və insanların təhlükəsiz giriş-çıxışını təmin edir”, açıqlamada qeyd edilib.