Modern.az

Prezidentdən Avropa Komissiyasının ədalətsizliyinə ETİRAZ

Prezidentdən Avropa Komissiyasının ədalətsizliyinə ETİRAZ

Aktual

18 Dekabr 2021, 16:36

Avropa Komissiyası tərəfindən Ermənistana təqdim ediləcək paketin həcmi 2.6 milyard dollardır, Azərbaycana isə 140 milyon. Yəni, fərq təqribən 20 dəfədir. Bu, ədalətlidirmi? Xeyr.

Modern.az xəbər verir ki, bunu Prezident İlham Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində deyib.

Dövlət başçısı bildirib:


"Bu, hər iki ölkənin real ehtiyaclarına müvafiqdirmi? Xeyr. Hətta azad olunmuş ərazilərdə Ermənistan tərəfindən törədilmiş dəhşətli dağıntıları kənara qoysaq belə, hər iki ölkənin əhalisinin sayına nəzər salsaq, görərik ki, fərq 5 dəfədən çoxdur – Azərbaycanın əhalisi 10 milyon, Ermənistanda isə 2 milyon. Bundan əlavə, işğal illəri ərzində Livanın sahəsinə bərabər ərazilər tamamilə dağıdılıb. Bu gün əcnəbi vətəndaşlar və jurnalistlər həmin ərazilərə səfər edəndə dağıntıların miqyasını öz gözləri ilə görürlər. Eyni zamanda, bizim hesablamalara görə orada 1 milyona yaxın mina basdırılıb. Minaları təmizləmə prosesi olduqca baha başa gəlir və çox vaxt aparır. Ermənistanda heç bir dağıntı yoxdur. Bu ölkə işğal edilməmişdi, o, özü işğalçı idi. Fiziki cəhətdən belə Ermənistanın iqtisadiyyatı bu nəhəng həcmli paketi mənimsəyə bilməz. Beləliklə, bu, çox təəccüblüdür və bu paket elan edildikdən sonra, Prezident Mişelin bu yay Azərbaycana səfərindən sonra biz bu mövzunu daim müzakirə edirik. Biz istəyirik ki, yanaşma vahid standartlara əsaslansın. Biz ədalət istəyirik və əlbəttə, Azərbaycana eyni şərtlərlə, eyni həcmdə vəsaitin verilməsini istəyirik".

İlham Əliyev deyib ki, o, dəfələrlə işğaldan azad olunmuş ərazilərin mina problemini qaldırıb:


"Mən dəfələrlə bu məsələləri qaldırmışam və dünən də cənab Mişellə görüşdə hətta təklif etdim ki, Avropa Komissiyası özünün fondları vasitəsilə Azərbaycanda minalardan təmizləmə prosesinin maliyyələşdirilməsini nəzərdən keçirsin. Dedim ki, pulu bizə verməyin, minaların təmizlənməsi ilə məşğul olan Avropa şirkətlərinə maliyyə yardımı ayırın ki, onlar Azərbaycana gəlsinlər və işə başlasınlar. Çünki Azərbaycan üçün fiziki olaraq bunu qısa müddətdə etmək mümkün deyil. Bundan əlavə, bu, çox bahalı işdir və siz tamamilə haqlısınız ki, minalar təmizlənməsə, biz insanların geri qayıdışını təmin edə bilmərik. Onlar bunu 30 ilə yaxındır ki, gözləyirlər. Hazırda genişmiqyaslı bərpa işlərinə başlanılan ərazilər minalardan təmizlənib, digər yerlər isə yox. Yəni, geri dönəcək insanlar ciddi problemlər və həyati təhlükə ilə üzləşəcəklər. Beləliklə, mən ümid edirəm ki, təmaslarımızda buna daha çox aydınlıq gətiriləcək. Əlbəttə, bizim ehtiyaclarımız minaların təmizlənməsi ilə məhdudlaşmır. Hər şey dağıdılıb. Oralarda nə şəhər, nə də kənd var - tamamilə dağıdılmış ərazilərdir. Bizim mövqeyimiz ondan ibarətdir ki, Ermənistana maliyyə töhfəsinin səviyyəsi istər ianə olsun, istərsə də kredit, Azərbaycanla eyni olmalıdır".

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı