Türkmənistanın Televiziya, Radio Yayımları və Kinematoqrafiya üzrə Dövlət Komitəsinin strukturunda Beynəlxalq İnformasiya Mərkəzi yaradılacaq.
Modern.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin iclasında Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Beynəlxalq İnformasiya Mərkəzinin yaradılması təklifini təsdiqləyib.
Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov mərkəzin işinin üç əsas vəzifə üzərində cəmlənəcəyini bildirib.
Mərkəzin məqsədi müasir media texnologiyalarından istifadə etməklə Türkmənistan haqqında məlumatları mütəmadi və operativ şəkildə dünya ictimaiyyətinə çatdırmaq, dünyada baş verən mühüm beynəlxalq siyasi, iqtisadi və sosial hadisələr barədə yerli informasiya sahəsində konkret məlumatları işıqlandırmaq, həmçinin beynəlxalq informasiya agentlikləri ilə birbaşa əlaqələr yaratmaq və inkişaf etdirməkdir.
R.Meredov 2022-ci ildə Türkmənistanda bir sıra iri beynəlxalq media nümayəndəliyinin açılması təklifini də ölkə başçısına təqdim edib.
Xarici işlər nazirinin təqdim etdiyi təklifləri dəstəkləyən dövlət başçısı təşkilati məsələlərin ətraflı öyrənilməsi və bütün zəruri işlərin milli qanunvericiliyə və ümumən tanınmış beynəlxalq normalara uyğun aparılmasını tapşırıb.