2021-ci ildə Azərbaycana 791983 nəfər əcnəbi daxil olub.
Modern.az-ın məlumatına görə, bu barədə Dövlət Miqrasiya Xidmətinin (DMX) 2021-ci il ərzində fəaliyyətinə dair keçirilən mətbuat konfransında qurumun sədri Vüsal Hüseynov bildirib.
V. Hüseynov həmin şəxslərin daha çox qonşu ölkələrin vətəndaşları olduğunu söyləyib:
"Ölkəyə gələnlərin əksəriyyəti Rusiya, Türkiyə, Gürcüstan, İran və Ukraynadan olub. Ötən ilin son günündə ölkədə olan əcnəbi sayı 131512 nəfər təşkil edib".
DMX sədrinin sözlərinə görə, bu gün üçün ölkədə 129590 əcnəbi vətəndaş və vətəndaşlığı olmayan şəxs yaşayır:
"Yenə də əsas yerləri qonşu ölkələrin vətəndaşları tutur. Olduğu yer üzrə qeydiyyata düşənlərin sayı 167216, müvəqqəti yaşamaq üçün icazəsi olanların sayı 45608-dir. Türkiyə, Rusiya, Gürcüstan, İran və Ukrayna burada da üstünlük təşkil edir. Daimi yaşamaq üçün icazə sayında 43,6 faiz artım olub. Bu il 2397 nəfər icazə əldə edib".