“Azərbaycan və Rusiya prezidentləri arasında Moskvada imzalanmış müttəfiqlik bəyannaməsi hər iki ölkənin maraqlarına xidmət edir”.
Bunu politoloq İlqar Vəlizadə Moskva bəyannaməsini siyasi əhəmiyyətini Modern.az-a şərh edərkən deyib.
Onun fikrincə, sənədlə bağlı sosial şəbəkələrdə yayılan bəzi xoşagəlməz fikirlər reallığı əks etdirmir:
“Bu bəyannamə Azərbaycanın maraqlarına xidmət edir. Təəssüflər olsun ki, sosial şəbəkələrdə və bəzi KİV-lərdə sənədin əhəmiyyətini azaltmaq istəyirlər. Eyni zamanda bu sənədin Azərbaycanın əleyhinə işlədiyindən danışırlar. Ancaq bu belə deyil. Bəyannamənin konkret müddəaları var, onları oxumaq lazımdır. Əgər deklarasiyanın müddəalarını diqqətlə oxusaq, bu sənəddə Azərbaycanın maraqlarına, mənafeyinə xələl gətirəcək heç bir məqam yoxdur. Bəyannamənin müddəaları uzun müddət üzərində çalışılaraq, ekspertizadan keçirilərək hazırlanıb. Yəni bu iki günün işi deyil”.

Politoloqun sözlərinə görə, Moskva bəyannaməsi beynəlxalq hüquq və hər iki ölkənin maraqları baxımdan hərtərəfli ekspertizadan keçirilən vacib bir sənəddir:
“Bu sənədə hər iki tərəf ciddi yanaşıb. Demək olmaz ki, sənədə kimsə kimisə məcbur edib. Digər tərəfdən bundan öncə Türkiyə ilə Şuşa bəyannaməsi imzalanıb. Türkiyə bizim qardaşımız və yaxın müttəfiqimizidir. Aramızda müxtəlif proseslər, hərbi-siyasi yaxınlaşmalar var. Eyni zamanda Türkiyə ilə, türk partnyorlar ilə məsləhətləşmələr aparmışıq. Ona görə də, sözügedən bəyanatın Türkiyə ilə əlaqələrə xələl gətirəcəyini düşünmək düzgün deyil.
Türk qardaşlarımız bu sənəddən xəbərdar idilər. Yenə də deyirəm, onlar bunun mahiyyəti barədə məlumatlıdırlar. Burada heç bir ziddiyət yoxdur.
Xatırlayırsınızsa, tez-tez belə bir ifadə işlənirdi ki, artıq Şuşa bəyannaməsindən sonra biz addımlarımızı bir-birinə koordinasiya edəcəyik və daha sıx əlaqəli şəkildə birgə addımlar atacağıq. Bu bəyannamə fəlsəfə baxımdan onun davamıdır”.
Politoloq onu da qeyd edib ki, bəyannamənin müddəalarında çox geniş məqamlar öz əksini tapıb:
“Birinci maddəni cənab Prezident xüsusi vurğulamışdı. Bu maddə hər iki ölkənin bir-birinin suverenliyini, ərazi bütövlüyünü tanıyır. Bu o deməkdir ki, Rusiya Azərbaycanın sərhədlərini və sərhədlərin toxunulmazlığını tanıyır. Əgər bu və ya digər şəkildə sərhədlərin toxunulmazlığı ilə bağlı təhdidlər yaransa, Azərbaycan Rusiyaya müraciət edə bilər. Bununla da, Rusiya Azərbaycana hərbi və siyasi baxımdan yardım etməli olacaq. Bu bizim xeyrimizə olan hadisədir”.

İ.Vəlizadə əlavə edib ki, Ermənistan Azərbaycanla Rusiyanı sərhəd məsələlərində üz-üzə qoymağa çalışır, lakin buna nail ola bilmir:
“Artıq buna nail olmaq mümkün deyil. Bununla belə 11-ci bənddə göstərilib ki, həm Rusiya, həm də Azərbaycan ərazilərindəki separatçıları, terrorçuları zərərsizləşdirmək üçün birgə addımlar atır. Bu çox vacib bənddir.
Biz bilirik ki, Qarabağın dağlıq hissəsində Rusiyanın sülhməramlı kontingentinin yerləşdiyi ərazisində separatçılar qalıb. Misal olaraq Arayik Artunuyanı göstərmək olar. Hansı ki, onun barəsində həbs qətiimkan tədbiri çoxdan görülməli idi. Mən düşünürəm ki, bu bənd praktiki cəhətdən reallaşsa, Arayik Artuniyan Rusiya tərəfindən zərərsizləşdirilməlidir. Çünki o separatçıdır. Bunu gizlətmir. Ona görə də, o zərərsizləşdirilməli və Azərbaycana təhvil verilməlidir. Bu yaxınlarda Azərbaycan Prokurorluğunun yaydığı açıqlamalarda bildirilirdi ki, o quldur məsuliyyətə cəlb olunmalıdır. Düşünürəm ki, artıq buna beynəlxalq zəmin də var. Onsuz belə zəmin var idi. Ancaq indi bu sənədlə bu məsələ daha da qüvvətlənir. Tək o yox, ondan başqa orada fəaliyyət göstərən separatçılar da zərərsizləşdirilməlidir. Burada digər maraqlı məqam ondan ibarətdir ki, sülhməramlılar əvvəl bizim tərəfdaş ölkənin qüvvələri idi, indi isə müttəfiqlərimizdir. Ona görə də, bunu etmək onların borcudur”.
İ.Vəlizadə Moskva bəyannaməsində iqtisadi əlaqələrə də xüsusi önəm verildiyini vurğulayıb:
“Burada iqtisadi əlaqələr barəsində də maddə var. Azərbaycanın Rusiya ilə sıx iqtisadi əlaqələri mövcuddur. Heç kəsə sirr deyil ki, Azərbaycanın kənd təsərrüfatı məhsullarının əsas bazarı Rusiyadır. Digər müstəvilərdə də əlaqələrimiz davam edir. İki ölkə arasında ticarət dövriyyəsi artır, nəqliyyat layihələri reallaşır. Bu, təkcə Rusiya Azərbaycan arasında yox, eyni zamanda İran, Türkiyə arasında da özünü göstərir. İndi Zəngəzur dəhlizinin açılması çox ciddi təkanverici faktor ola bilər ki, həm Azərbaycan-Rusiya arasında iqtisadi əlaqələr inkişaf etsin, həm də Rusiyanın Azərbaycan vasitəsi ilə Türkiyə və İranla ticarət dövriyyəsi intensiv hal alsın. Biz bunu da dəstəkləyirik. Bax belə Ermənistan yenə aciz qalır. Təəssüflər olsun ki, hələ də Ermənistan içində olduğu durumu anlamır”.
Turqay Musayev