Xocalı soyqırımı bəşər tarixinin ən amansız, ən qəddar qətliamlarından biridir.
Bu sözləri Modern.az açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib.
Deputat qeyd edib ki, insanlıq əleyhinə ağır cinayətlər törədən qatillər, müharibə cinayətləri Xocalıda təkcə dinc sakinləri, o cümlədən uşaqları, qadınları və ahılları xüsusi amansızlıqla, işgəncələrə məruz qoymayıblar, bütövlükdə azərbaycanlıların izini Xocalıdan silmək üçün bu şəhərin altını üstünə çeviriblər:
“Bu isə Xocalı soyqırımının düşünülmüş, öncədən planlaşdırılmış və bütövlükdə Azərbaycan xalqına qarşı yönəlmiş dəhşətli müharibə cinayəti olduğunu sübuta yetirən faktdır. Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Xocalıda həyata keçirilən amansız müharibə cinayətləri Soyqırımı cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyada yer alan və soyqırım cinayətlərini ifadə edən bütün əməlləri - milli, etnik, irqi və ya dini qrupun qismən və ya bütövlükdə məhv edilməsi məqsədilə törədilən hərəkətləri əhatə edir. Bu baxımdan, Xocalı soyqırımı əsrin Holokost, Oradur, Lidisa, Xatın və Sonqmi, Srebrenitsa kimi dəhşətli faciələri ilə bir sırada dayanır və XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir”.
Xocalı şəhidlərinin qanının yerdə qalmadığını qeyd edən Azər Kərimli 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuzun günahsız insanların qisasını döyüş meydanında aldığını bildirib:
“Biz işğalın ağır nəticələrinə ləyaqətlə qatlaşdığımız kimi, müharibəni də ləyaqətlə apardıq. Bu bizim xalq olaraq ən böyük üstünlüyümüzdür. Lakin biz heç zaman xalqımıza qarşı törədilən ağır müharibə cinayətlərinin, o cümlədən Xocalı soyqırımının qurbanlarını unutmayacağıq”.