Ukrayna Prezidenti Volodimir Zelenski Qərb ölkələrini onları döyüş meydanında tək qoymaqda ittiham edib. O bildirib ki, NATO üzvləri Rusiyaya qarşı müharibədə Ukraynanı dəstəkləməkdən qorxurlar.
“Mən Avropanın iyirmi yeddi dövlətinin liderindən Ukraynanın NATO-da olub-olmadığını soruşdum. Birbaşa soruşdum. Onların hamısı qorxur. Amma biz qorxmuruq. Bəs biz hansı təhlükəsizlik zəmanətlərinə malik olacağıq? Onu hansı ölkələr verəcək?”, - Zelenski meydanda təkləndiyini etiraf edib.
Dünənədək Rusiyaya meydan oxuyan Qərb ölkələri Kiyevi qanlı döyüşlərdə niyə tək qoydular? Onları qorxudan səbəblər nələrdir?

Bu barədə Modern.az-a danışan politoloq Tofiq Abbasov bildirib ki, Qərbin yeganə məqsədi Ukrayna ilə Rusiya arasında müharibə yaratmaq idi. Onlar artıq buna nail ola bildilər:
“Eyni ssenari Gürcüstanda da tətbiq olundu. Qərb Gürcüstanı Rusiyanın üzərinə Cənubi Osetiya vasitəsilə göndərdi və müharibəyə səbəb olduqdan sonra özü gözləmə mövqeyində dayandı. Halbuki söz vermişdi ki, siz başlayın, biz sizə kömək edəcəyik. Burada mən deyərdim ki, ən böyük mənfur rolu oynayan Ukraynanın aparıcı qüvvələridir. Zelenski ola bilsin ki, o qədər də günahkar deyil. Çünki o, səriştəli siyasətçi deyil. Bəli, ağıllı oğlandır, populyarlığı var. Müəyyən baxışları zamanın tələbləri ilə uyğun gəlir. Amma peşəkar siyasətçi deyil. O, siyasətə şou-biznesdən gəlmiş şəxsdir. Ancaq sağ kəsim deyilən, müstəqil mövqedən çıxış edən siyasətçilərin Ukrayna xalqı qarşısında böyük günahı var. Onlar gərək Qərbin fitvasına getməyib, müharibəyə izn verməyəydilər. Qərbin fitvasına getdilər, noldu? Nəticədə, uduzan Ukraynanın məzlum, bədbəxt xalqı oldu”.

Politoloqun sözlərinə görə, Zelenski çıxışında həqiqətləri danışır:
“Zelenski və onun ətrafı bilməlidir ki, Qərb heç vaxt Rusiya ilə üz-üzə gəlməyəcək. Qərb və Amerikanın ən sevimli metodologiyası başqalarını toqquşdurub, onların qanından, itkilərindən mənfəət götürməkdir. Amerika birinci və ikinci Dünya Müharibəsində də belə etmişdi. Onlar bütün dövlətlərin hamısını çökdürürər. Çökdürürlər ki, sabah onların biznesi, transmilli şirkətləri bərpa işlərində qabaqcıl yer tutsun”.
T.Abbasov hesab edir ki, Qərbin Ukraynanı müharibədə tək qoyması yeni təcrübə deyil, oxşar ssenarilər dəfələrlə təkrar olunub:
“Mən bu ssenarinin gedişini təxmin etmişdim. Deyə bilərəm ki, Azərbaycanın siyasəti olduqca müdrik və ağıllı siyasətdir. Bir ucdan hamı deyir ki, biz niyə Rusiya ilə müttəfiqlik sazişinə qol çəkirik. Əvvəla deyim ki, Rusiya bizim qonşumuzdur. Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan və İran bu bölgədə nizamı qurmalıdır. Amerika gəlib bizim üçün normal, sağlam nizam qurmayacaq. Prezident İlham Əliyev və Ərdoğan deyəndə ki, gəlin altılıq format yaradaq, ona ilk kim qarşı çıxdı? Qərb və Amerika. Onlar Gürcüstan vasitəsilə burada pozuculuq işinə başladılar ki, "3+3" formatı baş tutmasın. Onlar Ermənistanı da çaşdırdılar. Ermənistanın rəhbəri Nikol Paşinyan qeyri-peşekar da olsa, bu formatı dəstəkləyir. Ona görə də, belə vəziyyətlərdə, adətən, bilən danışmır, danışan bilmir. İndi bizim bəzi vətəndaşlarımız sosial şəbəkələrdəki ictimai rəyləri gündəmə gətirilər. İctimai rəy dövlət siyasətini müəyyən edə bilməz. Burada sözü peşekarlar, professionallar deməlidir. Prezident İlham Əliyevin apardığı siyasi kurs alternativi olmayan kursdur”.

Siyasi şərhçi Zərdüşt Əlizadə isə bildirib ki, NATO Ukraynanın təhlükəsizliyini öz üzərinə götürməyib və Kiyevə bununla bağlı vəd verməyib:
“NATO bir təşkilat kimi üzv dövlətlərin təhlükəsizliyini öz üzərinə götürüb. Ukraynanı NATO-ya qəbul etməyəcəklərini deyiblər. Buna baxmayaraq, Ukrayna şərhçiləri mənasız inadkarlıqla dedilər ki, biz NATO-ya keçmək istəyirik. NATO da hər dəfə dedi ki, biz sizi qəbul etməyəcəyik. Yanlış mövqeyə düşən Ukrayna cəmiyyəti NATO-dan yardım gözləməklə səhvə yol verdi.
Müharibəyə 3-4 ay qalmış Amerika açıq şəkildə deyirdi ki, NATO və Amerika əsgərləri Ukraynaya gəlib, onun üçün vuruşmayacaq. Bunu anlamamaq mümkün deyildi. Sadəcə özlərini aldatdılar və xətaya yol verdilər”.

Zərdüşt Əlizadə qeyd edib ki, Rusiyanın müharibəyə başlamasına heç bir səbəb yoxdur, Moskva əsas olmadan döyüşlərə girib:
“Ukraynadan heç bir təhlükə olmamasına baxmayaraq, Rusiya hərbi əməliyyatlara başladı. Moskva qarşısına Ukraynanın silahsızlaşdırılması və nasizmin ləğv edilməsi kimi əsassız beynəlxalq hüquqa uyğun olmayan məqsədlər qoyub.
Doğrudur, Ukrayna Prezidenti yəhudidir, Ukraynanın hakim siyasi zümrəsinin 30 faizi yəhudilərdən ibarətdir. Nəyə görə onları nasist adlandırırlar? Nasizm yəhudiləri inkar edən ideologiyadır. Yəni bunlar yalan və böhtan danışırlar. Rusiyanın etdiyi açıq təcavüzdür. Məqsəd Ukraynanı özünə tabe etməkdir. İndi Qərb Ukraynaya kömək edəcəkmi, mən onu deyə bilmərəm”.
Turqay Musayev