Modern.az

Şahbaz Şərifin Azərbaycanla bağlı mövqeyi necə olacaq?

Şahbaz Şərifin Azərbaycanla bağlı mövqeyi necə olacaq?

Aktual

12 Aprel 2022, 10:06

Azərbaycanın strateji tərəfdaşı və müttəfiqi olan Pakistanda hakimiyyət dəyişikliyi oldu. İmran Xan hakimiyyətdən kənarlaşdırıldı, onun postuna 70 yaşlı müxalifət lideri Şahbaz Şərif gətirildi. Pakistanın 23-cü Baş naziri seçilən Şahbaz Şərif ötən gün yeni vəzifəsində ilk çıxışını etdi və xarici siyasət kursu ilə bağlı yeni mesajlar verdi. 

 

Şahbaz Şərif İmran Xan hökumətinin xarici siyasətini tənqid edərək, Pakistanın strateji tərəfdaşları və dostlarının Kəşmir məsələsində səssiz qaldığını bildirdi. Çinin yaxşı və pis gündə Pakistanın ortağı olduğunu ifadə edən Şərif Pekinlə yaxşı münasibətlərin olmasının vacibliyinə diqqət çəkdi. O, eyni zamanda əvvəlki hökumətin Çin və Pakistan dostluğunu zəiflətməyə çalışdığını qeyd etdi.

 

Bundan əlavə, Şərif Səudiyyə Ərəbistanı, Türkiyə, Avropa Birliyi ölkələri, Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə və İranla yaxşı münasibətlərin olmasının vacibliyini vurğuladı və ABŞ ilə əlaqələrin bərabər əsasda gücləndirilməsinin önəmindən danışdı.

 

“Türkiyə ilə Pakistanın ayrılmaz əlaqələri var", - deyə Şərif Ankaranın hər zaman İslamabadın yanında olduğunu xüsusilə nəzərə çatdırdı. 

 

Bəs, Şahbaz Şərifin gəlişindən sonra Pakistan-Azərbaycan əlaqələrində hansı dəyişikliklər ola bilər? Yeni hakimiyyətdən gözləntilər nələrdir?

 

 

Bu barədə Modern.az-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, Pakistan Azərbaycanın strateji tərəfdaşı və müttəfiqidir, bundan sonra da siyasi münasibətlər qaldığı yerdən davam edəcək. 

 

"Birinci və ikinci Qarabağ müharibəsində Pakistan Azərbaycana öz siyasi dəstəyini göstərib. Hazırda da dəstəyi davam etdirməkdədir. Hakimiyyətdə kim olursa-olsun, siyasət davam edir. Yəni demək olmaz ki, İmran Xan getsə, bu amil Azərbaycan-Pakistan münasibətlərinə mənfi təsir göstərəcək. Pakistan 90-cı illərdən Azərbaycana dəstək verir. Azərbaycan müstəqillik qazanandan bəri baş nazir postunda Benazir Bhutto,  Nəvaz Şərif oldu. Onların hamısının Azərbaycana isti münasibətləri olub.

 

Düzdür, İmran Xan dövründə Azərbaycan-Pakistan əlaqələri daha da inkişaf etdirildi. Amma növbəti hökumət, növbəti Baş nazirin dövründə siyasi kurs davam etdiriləcək", - deyən politoloq Azərbaycan-Pakistan münasibətlərinin bundan sonra da inkişaf edəcəyi, yeni hakimiyyət dövründə təmaslara hər hansı mənfi nüansların müşahidə edilməyəcəyini vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?