Bu gün Pakistanın yeni Baş naziri məlum olub. Parlamentdə keçirilən səsvermə nəticəsində 70 yaşlı müxalifət lideri Şahbaz Şərif ölkənin 23-cü Baş naziri seçilib.
Pakistanın yeni Baş naziri kimdir?
Modern.az xəbər verir ki, 70 yaşlı Şahbaz Şərif İmran Xan 2018-ci ildə hakimiyyətə gələnə qədər Pakistanda əhalinin ən sıx məskunlaşdığı Pəncab əyalətinin baş naziri vəzifəsində çalışıb.
Pakistan Müsəlman Liqasına (PMLN) rəhbərlik edən Şərif fəaliyyəti dövründə səmərəliliyi və çalışqanlığı ilə məşhur olub. O, infrastrukturun təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atıb.
Buna baxmayaraq, Şahbaz Şərif həmişə böyük qardaşı, üç dəfə baş nazir olmuş Nəvaz Şərifin kölgəsində qalıb.
Korrupsiya və rüşvət işində ittiham olunan Nəvaz Şərif hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra ordunu açıq şəkildə tənqid etsə də, qardaşı müdafiə qüvvələrilə barışığa üstünlük verib.
Nəvaz kimi Şahbaz da korrupsiya ittihamları ilə üzləşib və İmran Xanın dövründə məhbəs həyatı yaşayıb. Lakin o özünü cinayət törətməkdə təqsirli bilməyib və ittihamların siyasi motivli olduğunu iddia edib. O daha sonra azadlığa buraxılıb.
Şahbaz Şərifin oğlu Həmzə atasının yolu ilə getməyə və Pəncabın baş naziri olmağa ümid edir. Atasının hakimiyyəti dövründə onun istəyinə çatacağı istisna edilmir.
Pakistanın yeni Baş nazirinin Nəvaz Şərifdən başqa Abbas adlı digər qardaşı da var.

Şahbaz Şərif 1973-cü ildə əmisi qızı ilə ailə həyatı qurub. Bu evlilikdən 4 övladları dünyaya gəlib. Bunlar Salman, Həmzə və əkiz bacılar Caveriya ilə Rabiadır.
Ş.Şərif 2003-cü ildə Təhminə Durrani adlı xanımla ikinci dəfə ailə həyatı qurub.
Qeyd edək ki, srağagün Pakistan parlamentində Baş nazir İmran Xana etimadsızlıq səsverməsi keçirilib. Səsvermədən əvvəl parlamentdə 13 saatlıq müzakirələr aparılıb. Səsvermə zamanı İmran Xana etimadsızlıq göstərilib və o vəzifəsindən istefaya göndərilib.
Parlamentin aşağı palatasının üzvlərinin əksəriyyətini təşkil edən etimadsızlıq səsverməsinə 174 deputat səs verib. Parlamentə etimadsızlıq səsverməsi nəticəsində İmran Xanın hökuməti istefaya gedib.
İmran Xan Pakistanda etimadsızlıq səsverməsi ilə vəzifəsindən uzaqlaşdırılan ilk Baş nazir olub. İstefaya göndərilən İmran Xan bildirib ki, müxalifətin hökuməti devirmək cəhdinin arxasında ABŞ dayanır.