Ukraynada həbs olunan "Həyat uğrunda Müxalifət Platformu" partiyasının siyasi şurasının rəhbəri Viktor Medvedçukun yeri məlum deyil.
Modern.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Oksana Marçenko mətbuat konfransında bildirib.
“Hazırda həyat yoldaşımın harada olduğunu bilmirik, bu da lazımi hüquqi müdafiəni və lazımi tibbi nəzarəti təmin etməyi mümkünsüz edir. Atası iki gündür Medvedçukun yerini tapmağa çalışır, lakin heç bir məlumat yoxdur”, - deyə siyasətçinin xanımı deyib.
Qeyd edək ki, bir neçə gün əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Medvedçukun saxlandığını açıqlayıb. O, Medvedçuku əsir götürülmüş ukraynalılarla dəyişməyi təklif edib.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Medvedçukun taleyinə nəzarət edəcək və avropalı siyasətçiləri buna çağıracaq.
Partiya liderinin xanımı Marçenko daha sonra "YouTube" səhifəsində Zelenskiyə müraciət edərək ərinin azadlığa buraxılmasını tələb edib. Həmin gün o, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan həyat yoldaşının azad edilməsinə köməklik göstərməsini xahiş edib.
Onu da bildirək ki, Viktor Medvedçuk Rusiya lideri Vladimir Putinin ən yaxın adamlarından hesab olunur.