Modern.az

Azərbaycan səfiri şahzadə ilə görüşdə

Azərbaycan səfiri şahzadə ilə görüşdə

Aktual

29 Aprel 2022, 22:18

Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfiri Fuad İsgəndərov etimadnaməsini Lixtenşteyn vəliəhd şahzadəsi Aloisə təqdim edib.

 

Modern.az xəbər verir ki, etimadnamələrin təqdim edilməsi mərasimində ilkin görüş Lixtenşteyn Knyazlığının xarici işlər, təhsil və idman naziri Dominik Hasler ilə baş tutub. Nazir çıxışı zamanı dünyada baş verən proseslərə diqqət çəkib və müharibələrdən qaynaqlanan mənfi təsirlərlə bağlı narahatlığını bildirib. O, Lixtenşteynin humanitar yardıma ehtiyacı olan dövlətlərə hər zaman kömək etdiyini diqqətə çatdırıb.

 

Səfir F.İsgəndərov öz növbəsində Lixtenşteyn tərəfinin narahatlığını başa düşdüyünü qeyd edib və ölkəmiz tərəfindən göstərilən beynəlxalq humanitar yardımlarla bağlı müqabil tərəfi məlumatlandırıb.

 

Görüş zamanı etimadnamənin nüsxəsi D.Haslerə təqdim edilib və söhbət əsnasında Azərbaycan Respublikasının xarici siyasəti haqqında geniş məlumat verilib. Qarşı tərəfin diqqətinə regionda baş verən sonuncu sülh təşəbbüsləri çatdırılıb.

 

Görüşün sonunda səfir F.İsgəndərov D.Hasleri ölkəmizə səfərə dəvət edib və Lixtenşteyn kimi sülhsevər dövlətin rəsmilərinin regionumuza səfərinin sülh proseslərinə öz töhfəsini verə biləcəyini qeyd edib.

 

Daha sonra Lixtenşteyn vəliəhd şahzadəsi Aloisə etimad məktubunun əsl nüsxəsi təqdim edilib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamları çatdırılıb. Şahzadə Alois salamları məmnuniyyətlə qəbul edib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə öz səmimi salamlarını çatdırmağı xahiş edib.

 

Görüşdə dünyada cərəyan edən proseslər ətrafında fikir mübadiləsi aparılıb.

 

Şahzadə Aloisin suallarına cavab olaraq səfir F.İsgəndərov ölkəmizin xarici siyasəti və Cənubi Qafqazda sülhə yönəlmiş addımları barədə ətraflı məlumat verib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı