Avropa İttifaqı Şurası prezidentinin təşəbbüsü ilə Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında baş tutan üçüncü görüş Brüssel sülh gündəliyinin dəyişikliyə uğramadan, həmçinin Azərbaycan üçün prinsipial əhəmiyyət kəsb edən məsələlər nəzərə alınmaqla davam etdirildiyini göstərir.
Bunu Modern.az saytına açıqlamasında millət vəkili Azər Kərimli deyib.
Millət vəkili 5 saata qədər davam edən görüşün Azərbaycanla Ermənistan arasındakı, mövcud zaman kəsiyində mühüm əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi və razılıqların əldə olunması baxımından da kifayət qədər səmərəli olduğunu vurğulayıb:
“Minalanmış ərazilər və itkin düşmüş şəxslərin taleyi ilə bağlı məsələlərin növbəti dəfə gündəmə gətirilməsi və diqqətdə saxlanılması bir çox aspektlərdən ölkəmiz üçün önəm daşıyır. Şübhəsiz ki, bu məsələyə ilk növbədə humanizm prinsipləri çərçivəsindən yanaşılmalıdır. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi prosesi nə qədər sürətli aparılarsa, bu, həmin ərazilərin tez bir zamanda bərpa olunmasına, məcburi köçkünlərin öz evlərinə qayıdışına və təbii ki, sülh prosesinə müsbət təsir göstərə bilər. Digər tərəfdən, minalanmış ərazilər, eləcə də Birinci Qarabağ müharibəsi zamanı itkin düşən şəxslərlə bağlı məsələlərin hər dəfə gündəmə gətirilməsi, Ermənistanın işğalı nəticəsində yaşanan humanitar fəlakətin miqyasının nə qədər böyük olduğunu göstərir ki, bu da, Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, erməni lobbisi və diasporunun yalanlarının ifşa edilməsi baxımından çox önəmlidir”.
Azər Kərimli üçtərəfli görüşdə əldə olunan razılaşmaların sülh prosesinin sürətləndirilməsinə və regionda davamlı sabitliyin əldə olunmasına, təhlükəsizliyin təmin edilməsinə töhfə verəcəyini vurğulayıb: “Komissiyaların tez bir zamanda işə başlaması, birbaşa dialoqun davam etdirilməsi sərhədlərin delimitasiyası, sülh müqaviləsi üzrə danışıqların irəliyə doğru aparılmasına və davamlı sülhün əldə edilməsi üçün vacib şərtlərdən biri olan etimadlı münasibətlərin formalaşmasına əlverişli zəmin yarada bilər”.
Millət vəkilinin sözlərinə görə, Brüsseldə əldə olunan razılaşmalar, Ermənistanın bir müddət öncə irəli sürdüyü iddiaların prosesdə hər hansı bir önəmə malik olmadığını, gündəliyin Azərbaycanın prinsipial və ədalətli mövqeyinə uyğun olaraq müəyyənləşdirildiyini sübuta yetirir: “Rəsmi İrəvan Brüsseldə keçirilən ikinci görüşdən sonra ictimailəşdirdiyi əsassıs mülahizə və iddialarını müzakirə predmetinə çevirmək istədə də buna nail olmadı və bu mülahizə və iddiaların heç biri Avropa İttifaqının vasitəçiliyi ilə həyata keçirilən üçüncü görüşün gündəliyində yer almadı. Bu isə Ermənistanın sülh prosesinə mane olan bütün cəhdlərinin növbəti dəfə iflasa uğraması deməkdir”.