Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 27 may 2022-ci il tarixdə Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışını edib. Açılışda çıxış edən Prezident İlham Əliyev bir çox məsələlərə toxunaraq, Rus imperiyasının dağılması nəticəsində Azərbaycan xalqı 104 il bundan əvvəl müstəqilliyə qovuşduğunu, ancaq birinci respublikanın çox yaşaya bilmədiyini, süqut etdiyini, cəmi iki ilə yaxın müddət ərzində yaşadığını bildirərək, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini daim hörmətlə anıldığını söyləyib.
Ulu Öndər Heydər Əliyev öz çıxışlarından birində qeyd edib: “Bu gün – bu bayram günü biz Azərbaycanda ilk Demokratik Respublikanın qurulmasında və fəaliyyət göstərdiyi xidmətlərə görə M.Ə.Rəsulzadəyə, Ə.Topçubaşova, F.Xoyskiyə, onların silahdaşlarına bir daha öz minnətdarlığımızı, təşəkkürümüzü bildiririk. Onların gördüyü işlər Azərbaycan xalqının bu günü üçün çox böyük əhəmiyyət kəsb edir. Onların fəaliyyəti bizim üçün həmişə əziz olacaq. Onların xatirəsi bizim qəlbimizdə daim yaşayacaq”.
Yüz dörd il bundan əvvəl - 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil olub. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən - Əqdnamədən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunmuşdur. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunmuş, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Beləliklə, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa edib.
Lakin Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra hakimiyyətin yarıtmaz siyasəti nəticəsində müstəqilliyimizi təhlükə altına düşmüşdür. 1993-cü ildən başlayaraq xalq Ulu Öndər Heydər Əliyevə müraciət edib onu hakimiyyətə dəvət edəndən sonra əsl müstəqillik həyatımız başladı. Ümummilli Liderimizin və önun layiqli davamçısı Prezident cənab İlham Əliyevin yürütdüyü xarici və daxili siyasəti nəticəsində bu gün Azərbaycan Dünya miqyasında sürətlə inkişaf edən ölkələrdən birinə çevrilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 oktyabr 2021-ci il tarixli sərəncamına əsasən 28 may Müstəqillik Günü, 18 oktyabr Müstəqilliyin Bərpası Günü kimi elan edilmişdir. Xalqımız tərəfindən Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü hər il bayram günləri kimi qeyd edilir.
Bu gün Azərbaycanın hərbi gücü artır, bu gün Azərbaycan iqtisadi cəhətdən müstəqil ölkədir, bu gün Azərbaycanda sabitlik, təhlükəsizlik höküm sürür.
Prezident İlham Əliyev çıxışında demişdir: “Azərbaycan xalqı bundan sonra müzəffər xalq kimi yaşayacaq. Biz 44 gün ərzində həm ərazi bütövlüyümüzü bərpa etdik, həm ədaləti bərpa etdik, həm milli ləyaqətimizi bərpa etdik”.
Malik Mirzəyev
YAP Lerik Rayon Təşkilatının sədri