Azərbaycanın Türkmənistandakı səfirliyi tərəfindən Aşqabadda yerləşən Yıldız otelində 28 May - Müstəqillik Günü münasibətilə təntənəli rəsmi qəbul keçirilib.
Modern.az xəbər verir ki, ölkədə pandemiya səbəbindən məhdud sayda qonaq dəvət edilən qəbulda Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Çarı Qılıcov, Türkmənistanda fəaliyyət göstərən xarici ölkələrin və beynəlxalq təşkilatların diplomatik nümayəndəliklərinin rəhbərləri və yüksək vəzifəli əməkdaşları, eləcə də soydaşlarımız iştirak ediblər. Tədbir Azərbaycanın və Türkmənistanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.
104 il əvvəl, 1918-ci ilin bu günü Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğunu diqqətə çatdıran Azərbaycanın Türkmənistandakı səfiri Həsən Zeynalov bu mühüm tarixi hadisənin Azərbaycan tarixində əlamətdar olduğunu və müasir Azərbaycan dövlətçiliyinin qurulmasında böyük əhəmiyyətə malik olduğunu qeyd edib.
Xalq Cümhuriyyətinin Birinci Dünya müharibəsindən sonra dünyadakı çətin geosiyasi vəziyyətə baxmayaraq, qısa müddətdə beynəlxalq birlik tərəfindən tanındığını bildirən səfir, Xalq Cümhuriyyəti tərəfindən həyata keçirilən islahatların həmin dövr üçün inqilabi olduğunu vurğulayıb.
Səfir, qadınlara seçki hüququnun verilməsinin, milli, siyasi və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlar üçün bərabər hüquqların tanınmasının həmin dövrü qabaqlayan islahatlar olduğunu diqqətə çatdırıb.
Xalq Cümhuriyyətinin yalnız 23 ay yaşamasına baxmayaraq, Azərbaycan xalqının demokratik prinsiplərə əsaslanan öz milli dövlətini qurmaq iradə və qabiliyyətini sübut etdiyini bildirən səfir, 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra müasir Azərbaycan Respublikasının Xalq Cümhuriyyətinin siyasi, hüquqi və mənəvi varisi olduğunu qeyd edib.
Ötən əsrin 90-cı illərinin əvvəllərindən etibarən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda güclü dövlət, demokratik vətəndaş cəmiyyəti və bazar iqtisadiyyatının yaradıldığını vurğulayan Həsən Zeynalov, ölkənin müstəqilliyinin əbədi, dönməz və sarsılmaz hala gətirildiyini söyləyib.
Səfir çıxışında Azərbaycanın Cənub Qaz Dəhlizi, Bakı-Tiflis-Ceyhan enerji layihəsi, həmçinin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat layihələri kimi əsas beynəlxalq enerji və nəqliyyat dəhlizlərinin təşəbbüskarı və fəal iştirakçısı olduğunu xatırladıb.