Azərbaycan -Türkiyə münasibətləri dostluğun, qardaşlığın, sədaqətin, qarşılıqlı etimadın ən parlaq nümunələrindən biri və birincisidir.
Bunu Modern.az-a açıqlamasında Prezident İlham Əliyevin “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında çıxışını şərh edən deputat Azər Kərimli deyib.
Deputat bildirib ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra qardaş Türkiyə hər zaman xalqımızın, dövlətimizin yanında olub, ona dəstəyini ifadə edib:
“Prezidentin də qeyd etdiyi kimi, bu gün Azərbaycan və Türkiyə yenə də bir yerdədirlər, iki qardaş dövlətin liderinin qəyiyyəti, uzaqgörənliyi nəticəsində münasibətlərini ən yüksək səviyyəyə qaldırıblar. Bu münasibətlər Azərbaycan-Türkiyə xalqları, gələcək nəsillər üçün əsas yol istiqamətidir. Biz həm özümüzün, həm də bölgənin gələcəyini birlikdə qurur, böyük bir ərazinin sülhün, əminamanlığın, təhlükəsizliyin, dostluğun və qardaşlığın hökm sürdüyü, bütün xalqların xoşbəxt və firavan yaşadığı bir coğrafiyaya çevirmək istəyirik”.
A. Kərimli qeyd edib ki, 2018-ci ildə - Bakının erməni işğalından azad edilməsinin 100-cü ildönümündə “Azadlıq” meydanında keçirilən hərbi paradda Azərbaycan və Türkiyə hərbçilərinin 100 il öncə olduğu kimi yeni də çiyin-çiyinə səf tutmaları bütün dünyaya sarsılmaz birliyin, qardaşlığın əbədi olduğu mesajını verdi:
“Azərbaycan və Türkiyə 100 il öncə olduğu kimi yenə də bir yerdə idilər. Bu tarixi hadisənin təkrarını 2021-ci ildə keçirilən Zəfər paradında da qürurla seyr etdik. Zəfər paradı Azərbaycan Ordusunun böyük qələbəsi ilə yanaşı, Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının növbəti təntənəsi idi”.
Deputat Türkiyə-Azərbaycan münasibətlərinin İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə bundan sonra yalnız irəliyə doğru gedəcəyini, hər iki dövlətin inkişafının təməl sütununu təşkil edəcəyini bildirib:
“Bu gün Azərbaycan və Türkiyə beynəlxalq güc mərkəzləridirlər, bir-birilərinin gücünə güc qatır, öz hədəflərinə doğru inamla addımlayır, qarşılıqlı faydalı əməkdaşlığı, sülhü, əminamanlığı təşviq edirlər”.